“Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir”.
Bu sözləri dövlətimizin başçısı hələ 2003-cü ildə, ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçildiyi zaman söyləmişdi. O gündən bizi artıq 20 ildən çox müddət ayırır. Ötən dövrdə baş verənlərə – zəfərlərimizə, uğurlarımıza, əldə olunan nailiyyətlərə baxıldıqda İlham Əliyev şəxsiyyətinin misilsiz idarəçilik qabiliyyəti, uzaqgörənliyi, diplomatiya sahəsindəki zəngin təcrübəsi, qətiyyəti, səriştəsi bir daha təsdiq olunur. Onun rəhbərliyi altında Azərbaycan çoxsaylı çətinlikləri aşaraq müstəqil, güclü və inkişaf edən bir ölkəyə çevrilmişdir.
İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatında böyük irəliləyişlər olmuş, infrastruktur layihələri həyata keçirilmiş, sosial rifah səviyyəsi yüksəlmişdir. Azərbaycan beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmiş, ərazi bütövlüyünü bərpa edərək, 44 günlük Vətən müharibəsində qazandığı böyük qələbə ilə dünyaya gücünü göstərmişdir. Eyni zamanda, ölkəmizin enerji sahəsindəki müstəqilliyi və strateji layihələrdəki aktiv iştirakı da İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Onun rəhbərliyi ilə Azərbaycan, regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınmağa başlamış, həmçinin müxtəlif diplomatik və iqtisadi təşəbbüslərlə beynəlxalq aləmdə söz sahibinə çevrilmişdir.
Prezident İlham Əliyevin hər bir addımı, Azərbaycanın daha güclü, daha sabit və daha müasir bir dövlətə çevrilməsi yolunda atılan müdrik addımlardır. O, hər zaman xalqının yanında olmuş, ölkəmizin gələcəyi üçün qətiyyətlə işləyərək, Azərbaycanı beynəlxalq aləmdə daha da nüfuzlu bir dövlətə çevirmişdir. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha güclü, daha inkişaf etmiş və hər sahədə irəliləyən bir ölkədir.
Xüsusilə, ötən il ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ilə yekunlaşan bir günlük anti-terror əməliyyatı İlham Əliyev diplomatiyasının və hərbi gücünün əyani təsdiqi oldu. Bu əməliyyat bir daha göstərdi ki, Azərbaycan Prezidenti nəyi, necə və nə vaxt etmək lazım olduğunu hər kəsdən yaxşı bilir. 44 günlük Vətən müharibəsi zamanı Rusiya-Azərbaycan-Ermənistan arasında tarixi üçtərəfli Bəyanat imzalanarkən bəziləri bunun yanlış olduğunu, Azərbaycan Ordusunun hərbi əməliyyatları davam etdirməli olduğunu bildirir, Xankəndi-Xocalı-Xocavənd-Ağdərə-Əsgəran nəzarətimizə qayıtmadan zəfərimizin tam olmadığını vurğulayırdı.
Ancaq bu gün bir daha aydın olur ki, dövlətimizin başçısı hər zaman olduğu kimi o günlərdə də ən düzgün qərarı verib. Bəlkə də həmin dövrdə Azərbaycan hərbi əməliyyatları dayandırmasa, çox daha böyük itkilər verəcək, dünya birliyi tərəfindən sanksiyalara məruz qalacaqdı. Azərbaycan Prezidenti isə hər şeyi o qədər dəqiq hesablayaraq edir ki, heç kimin ölkəmizi günahlandırmağa arqumenti qalmır. Bu, yalnız dərin siyasi savadı olan liderlərə xas davranışdır.
Bunun nəticəsidir ki, bir günlük anti-terror əməliyyatından çox qısa müddət sonra dünyanın ən mötəbər tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsinə dünya birliyi səs verdi. Bu göstərdi ki, dünya Azərbaycanın zəfərini tanıyır və qəbul edir. Hər nə qədər buna etiraz səslərini çıxaranlar, boykot etməyə cəhd edənlər olsa da, reallıq budur ki, Azərbaycan uğurla və müvəffəqiyyətlə bu böyük sınaqdan çıxmağı bacardı. Bütün bunlar isə İlham Əliyev dühasının əzəmətli nəticələridir.
Ötən illərdəki uğurlar və qazanılan zəfərlər Azərbaycanın gələcəyinə dair böyük ümidlər yaradır. Əminliklə demək olar ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan, yalnız regional deyil, qlobal səviyyədə də daha böyük uğurlara imza atacaq, dünya siyasətindəki mövqeyini daha da möhkəmləndirəcəkdir.
Arzu Əliyeva
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı
👁 baxış
