Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndi, Xocalı və digər ərazilərdə şanlı bayrağımızı ucaltdı. Bu çox önəmli bir hadisə idi. 30 il ərzində xalqımız böyük faciələrlə üz-üzə qalmışdı. 1 milyon insan evsiz-eşiksiz qalmışdır, torpaqlarımız tamamilə dağıdılmışdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə salamat bina qalmayıb. Bizə qarşı etnik təmizləmə aparılmışdır, soyqırımı törədilmişdir, Xocalı soyqırımı.
30 ilə yaxın müddətdə Azərbaycan Respublikası BMT səviyyəsində qəbul olunmuş qətnamələrin sülh və danışıqlar yolu ilə icrasının təmin olunması üçün səy göstərib, bütün danışıqlarda təşəbbüskar, həm də tərəfkeş kimi iştirak edib. Bütün bunlara baxmayaraq, Ermənistan tərəfi 1994-cü ildə atəşkəs razılaşması əldə olunsa da, dəfələrlə atəşkəsi pozub. Nəhayət ki, cavabını da alıb. Biz, xalqımızın qələbəsi ilə fəxr edirik. Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırıb.
Əsgərlərimizin yüksək döyüş ruhu və əzmkarlığı bizə qələbə qazandırdı.
Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərin yanındadır. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaq. Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Bu günlərdə Prezidentimizlə, ordumuzla, xalqımızla, bizə dəstək verən dost ölkələrlə öyünməyə, fəxr etməyə haqqımız vardır. Biz cəlilabadlılar bütün Azərbaycan xalqını bu möhtəşəm tarixi qələbə münasibətilə ürəkdən təbrik edirik, şəhid övladlara Allahdan rəhmət diləyirik, əsgərlərimizə gələcək həyatlarında xoşbəxtlik arzulayırıq.
44 günlük müharibə Azərbaycanın hərb tarixində qızıl səhifədir. Ölkəmiz hər zaman öz qəhrəmanları ilə tanınır və tanınacaqdır. Bu müharibənin uğurları, faktiki gedişləri, əsgər və zabitlərimizin şücaəti, xalqımızın əzmi və birliyi, ilk növbədə Azərbaycan Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin uzaq görən siyasəti, qətiyyəti haqqında çox yazılıb və bundan sonra da müharibə mövzusu, qələbə müjdələri xalqımızın qəlbində zaman – zaman çağlayacaqdır. Nə qədər çətin, ağrılı olsa da, şəhidlər versək də, şəhər və kəndlərimiz dağılsa da, iqtisadiyyatımıza külli miqdarda ziyan dəysə də qələbədən qürur duyuruq, uğurlarımızla, düşməni susdurmağımızla, təcəvüzkarları alçaltmağımızla fəxr edirik. İkinci Qarabağ müharibəsi Azərbaycanın qəhrəmanlıq tarixidir. Bu tarixi hadisə beynəlxalq səviyyədə qəbul edilmiş sənədlərin hərbi yolla icrasının reallaşdırılmasının göstəricisidir.
İslam İsgəndərov,
Cəlilabad şəhər kommunal müəssisələri kombinatın direktoru