“Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik”

Prezident İlham Əliyevin Xankəndi şəhərində 15 oktyabr 2023-cü il tarixli nitqində deyilir ki, Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.

Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı qələbə qazanaraq özünün ərazi bütövlüyünü təmin etdi. Bu vəzifəni Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yerinə yetirdi. Vətən müharibəsi günlərində Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. İyirmi bir il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Dövlət başçısı qarşına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın.

Vətən müharibəsi cəmi 44 gün çəkdi. Şuşanı – bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq.

Antiterror tədbirləri qaçılmaz idi. Ermənistan bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq  münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir.

Prezidentimizin xalqa müraciətində vurğuladığı kimi, bütün işləri vaxtında etməliyik və etmişik. Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir.

Azərbaycan xalqının böyük əksəriyyəti noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.

 

Ceyhun Rəhimov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Kazımabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi