Ümumi maraqlar naminə

Cari ilin 8 oktyabr tarixində Moskvada MDB dövlət başçıları iclasında bir sıra məsələlərə dair ümumi razılaşmalar oldu və müvafiq bəyanatlar qəbul olundu. Xüsusilə də “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri” və “Beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi” il bağlı bəyanatları qeyd etmək istərdim. Hər nə qədər Ermənistan da bu sənədlərə imza atmasa da və bununla özünün pozuculuq fəaliyyətini bir daha nümayiş etdirmiş olsa da, bu bəyanatlar xarici təsirlərdən birgə qorunmağı və eləcə də MDB üzv dövlətlərinə qarşı birtərəfli məhdudlaşdırıcı tədbirlərə, sanksiyalara qoşulmamağı ehtiva etməsi baxımından mühüm sənədlərdir.

Prezident İlham Əliyev sammitdəki çıxışında bildirib ki, Azərbaycan hər zaman özünün digər ölkələrlə ikitərəfli və eləcə də çoxtərəfli münasibətlərində bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verib. Əməkdaşlıq etdiyimiz dövlətlər və təmsil olunduğumuz birliklər tərəfindən ölkəmizin və millətimizin maraqları əleyhinə fəaliyyət olmadığı müddətcə biz hər zaman münasibətlərdə sadiqlik nümayiş etdirmişik.

Moskva görüşü görüş sübut etdi ki, Azərbaycanla Rusiya arasında ciddi müttəfiqlik münasibətləri mövcuddur və bu münasibətlər qarşılıqlı hörmətə, hüquq bərabərliyinə əsaslanır. Prezident İlham Əliyevin, həm də Rusiya Prezidentinin verdiyi açıqlamalar göstərdi ki, Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Ermənistanın Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq cəhdləri əbəsdir və bu cəhdlər heç vaxt nəticə verməyəcək. Beynəlxalq əməkdaşlığın ikitərəfli formatı məhz dahi rəhbərimizin qoyduğu təməl üzərində uğurla inkişaf edir. Ehtiram və yüksək hörmət əlaməti olaraq, Ulu Öndər Heydər Əliyevin yubiley tədbirləri həm Moskvada, həm dövlət hakimiyyət təsisatlarında, həm də Rusiyanın regionlarında fəal şəkildə keçirilib.

Həm Müstəqil Dövlətlər Birliyinin, həm də digər beynəlxalq təşkilatların platformalarında ikitərəfli əməkdaşlıq formatı uğurla inkişaf edir. Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub. Bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir.

Sevindirici məqamlardan biri də MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi oldu. Məhz Laçının, yəni işğaldan azad olunmuş ərazidə olan bir şəhərin paytaxt seçilməsi üzv dövlətlərin Azərbaycana olan etimadının göstəricisidir və bu, ölkəmizin növbəti diplomatik uğuru hesab oluna bilər.

Əminəm ki, ölkələrimiz arasında dostluq, mehriban qonşuluq və qarşılıqlı anlaşma müttəfiqlik münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək.

 

Rafiq Ağayev,

Yeni Azərbaycan Partiyası

Cəlilabad Rayon Təşkilatının sədr müavini