Tarixi dostluq və əməkdaşlıq

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-8-də Rusiya Federasiyasında səfərdə oldu. Səfər çərçivəsində Prezident Vladimir Putin ilə görüşündə dövlətimizin başçısı İlham Əliyev iki ölkə arasında əlaqələrin gündəliyinin kifayət qədər geniş olduğunu diqqətə çatdırdı.

Rusiya-Azərbaycan münasibətləri hazırki dövrün inkişafı baxımından strateji xarakter daşıyır, qarşılıqlı hörmət və etibara söykənən bu münasibətlər iki dövlətin yaxın müttəfiq dövlətlər olmasını xarakterizə edir. Bu məsələdə hər iki ölkənin rəhbəri, həm Rusiya Prezidenti Vladimir Putin və Cənab Prezident İlham Əliyev arasında yaranmış səmimi dostluq münasibətlərini vurğulamaq lazımdır. Hər iki ölkənin liderinin səmimi və dostluq münasibətləri xalqlar arasında mehriban qonşuluq və işgüzar əlaqələrin möhkəmlənməsinə gətirib çıxarmışdır. Bu müttəfiqlik münasibətlərini möhkəmləndirən və əsas təməllərindən biri də şübhəsiz ki, 2022-ci ilin fevral ayında iki dövlət arasında imzalanmış qarşılıqlı müttəfiqlik haqqında bəyənnamədir. Bu onu göstərir ki, Rusiya Federasiyası Azərbaycana böyük inam və etimad göstərir.

Bir mühüm məqamı da qeyd etməliyik ki, Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatında əhəmiyyətli rol oynayan 10 noyabr 2020-ci il tarixi üçtərəfli Bəyanatı imzalayan üçüncü tərəf məhz Rusiya Prezidenti Vladimir Putin oldu. Postmünaqişə dövründə Azərbaycanın Ermənistana təkilf etdiyi sülh müqaviləsinin reallığa çevrilməsi istiqamətində də Rusiyanın gösərdiyi səylər dövlətimiz tərəfindən təqdir edilir.

Prezident İlham Əliyev sammitdəki çıxışında cari ilin mühüm hadisələrindən biri kimi Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi edəcəyini də xüsusi qeyd etdi. 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirdi.

Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət göstərdiyi məqamlardan biri də Azərbaycanın İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasına sanballı töhfələr verməsi oldu. Bildirildi ki, 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. 1941-1945-ci illərdə respublikanın 640 min nəfərə yaxın oğlan və qızları cəbhəyə getmişdir.

Azərbaycan qarşılıqlı sıx əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.

 

Vahid Mirzəyev,

Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi