Vətən Müharibəsi Qəhrəmanı Prezidentə müraciət ETDİ

Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Mahmud oğlu Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yazıb.

Məcra.az xəbər verir ki, Vətən Müharibəsi Qəhrəmanı məktubda bunları qeyd edib:

“Hörmətli Ali Baş Komandan!

2023-cü il sentyabrın 20-si Azərbaycan tarixinin ən şərəfli günlərindən biridir. Həmin gün Ordumuza verdiyiniz tapşırığa əsasən, Sizin komandanlığınızla lokal xarakterli antiterror əməliyyatı keçirildi. Qarabağ Zəfərinin davamı olaraq, bir gün belə çəkməyən antiterror tədbirləri nəticəsində torpaqlarımız separatçılardan tamamilə təmizləndi, dövlətimiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Özümü xoşbəxt hiss edirəm ki, az da olsa mən də Vətənimizin bütövlüyü uğrunda döyüşmüşəm və layiq gördüyünüz Vətən Müharibəsi Qəhrəmanı adını daşıyıram. Biz üzərimizdə hər an Sizin qayğınızı hiss edirik. Fəxr edirik ki, Tanrı xalqımıza Sizin kimi müdrik Prezident, Ali Baş Komandan bəxş edib.

20 sentyabr tarixinin hər il Dövlət Suverenliyi Günü kimi qeyd olunması barədə imzaladığınız Sərəncam bizim də ürəyimizcə oldu. Həmin gün düşmən diz çökdü, tam zəfər çaldıq. Bu, bizim böyük tariximizdir. 20 sentyabr tarixi heç vaxt unudulmamalıdır, xalqımızın və eyni zamanda, düşmənlərimizin yaddaşına əbədi həkk olunmalıdır. Bu tarixi əbədiləşdirdiyiniz üçün Sizə minnətdarıq”.

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev xərçəng xəstəsidir.

Qəzənfər Ağayev 13 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Təklə kəndində doğulub. 2013-cü ildə Zərifə Əliyeva adına Cəlilabad rayon 7 saylı orta məktəbi bitirib. Elə həmin il Ali Hərbi Akademiyaya daxil olub, 2017-ci ildə akademiyanı bitirib. 2017-ci ildən N saylı hərbi hissədə xidmət etməyə başlayıb.
Qəzənfər Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ yüksəyliyinin azadlığı uğrunda, Suqovuşanın azadlığı və Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Xüsusi Təyinatlı kəşfiyyat bölüyünün komandiri olmuş Q.Ağayev Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Qəzənfər Ağayev “Suqovuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”,  “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Vətən Müharibəsi Qəhrəmanı Ağdərə istiqamətində gedən döyüşlərdə aldığı xəsarətə görə yaranan xəstəlik səbəbindən ordu sıralarından tərxis olunub.

YAŞAT Fondu xərçəng xəstəliyindən əziyyət çəkən qazinin Türkiyədə müalicəsini təşkil edib.
Ailəlidir, 1 qızı var.