“Bu yanaşma qızların necə böyük potensiala malik olduqlarını göstərir” – Psixoloq

“Qız uşaqları, ümumiyyətlə, ailənin emosional balansını qorumağa kömək edir. Onlar daha erkən yaşlardan duyğularını ifadə etmək bacarığına malik olduqları üçün ailə daxilində ünsiyyətin daha açıq və yaxın olmasına şərait yaradırlar”

Bunu Məcra.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova deyib. Onun sözlərinə görə, çox vaxt qızlar ailədə qayğıkeşlik və dəstək rolu oynayırlar:

“Bu onların həm böyüklərə, həm də kiçik bacı-qardaşlarına qarşı göstərdikləri anlayış və diqqət vasitəsilə özünü göstərir. Qız uşaqları ailənin adət-ənənələrinə, dəyərlərinə daha bağlı olmağa meyilli olurlar. Bu da ailə bağlarının daha güclü və möhkəm qalmasına töhfə verir. Qız uşaqlarının ailədə olması valideynlərdə və ailə üzvlərində gender bərabərliyi mövzusunda daha böyük bir şüur yaradır.

Bu, ailə daxilində hər iki cinsin eyni dərəcədə dəyərli və vacib olduğunu vurğulamağa kömək edir. Qızlar erkən yaşlardan özlərinə hədəflər qoymaq və gələcəkdə peşəkar sahələrdə uğur qazanmaq istəyində olurlar. Bu, ailəyə ilham verə və ailənin ümumi hədəflərinə nail olmaqda birlik hissini gücləndirə bilər. Bu yanaşma həm qızların dəyərini, həm də onların böyümək və inkişaf etmək üçün düzgün dəstək aldıqları zaman necə böyük potensiala sahib olduqlarını göstərir”.

Qeyd edək ki, 11 oktyabr Beynəlxalq Qızlar Günüdür.

Səbinə QÜRBƏTLİ