İki xalqın bir-birinə məhəbbəti tükənməzdir

Prezident İlham Əliyevin cari ilin 11 iyul tarixində İslamabada dövlət səfəri beynəlxalq aləmdə böyük rezonans doğurmuşdur. Səfər zamanı keçirilən görüşlərdə hər iki ölkə rəhbərinin mətbuata verdikləri bəyanatlarda da sağlam münasibətlərə böyük önəm verilib, əlaqələrin bundan sonra da genişləndiriləcəyinə inam ifadə olunubdur. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Prezidentinin ünvanına, “Pakistan xalqı məmnundur ki, səmimi dost və həqiqi qardaş öz qardaş ölkəsini ziyarət edir”, kəlmələri dövlətimizin rəhbərinə, xalqımıza bəslənilən məhəbbətin, etimadın nümunəsi olmaqla, gələcək uğurlara, inkişafa, qarşılıqlı əlaqələrin möhkəmlənməsinə hesablanıbdır.

Ümumiyyətlə, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Bu dost ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb.

Bu gün Azərbaycan-Pakistan münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycanın Vətən müharibəsində Qələbəsi və antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Hazırda Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Azərbaycan Pakistan ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini vacib hesab edir. Pakistan şirkətləri işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak üçün də müraciət ediblər. iki ölkə arasında ictimai, hərbi, humanitar sahələrdə əlaqələr yüksək səviyyədədir.

Azərbaycanla Pakistan arasında iqtisadi ticarət əlaqələrini də yüksəltməyə potensial olduğunun göstəricilərindəndir. Bakı-İslamabad əməkdaşlığı həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsinə də təkan verər. Türkiyə-Azərbaycan-Pakistan arasında hərbi, iqtisadi-ticarət və siyasi sahələrdə əməkdaşlıq bu zəncirin böyüməsinə, inkişafına səbəb olar. Bu il iyulun 3-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş olub. Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentlərinin və Pakistanın Baş nazirinin üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanaraq, onun tarixi əhəmiyyəti qeyd olunub. Belə görüşlərin bundan sonra davamlı xarakter daşıyacağına əminlik ifadə edilib.

 

Dəyanət Əskərov,

Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

PAGE TOP