“Övladı olsaydı, təskinlik tapardıq…”-Şəhid Pəncəlinin qardaşı

“Kaş bu sözləri sizinlə üz-üzə danışaydım. Bizim şirin həyatımıza 2016-cı il aprelin 9-da bitdi, nöqtə qoyuldu. İndi şəxsən mənim üçün yaşamağın heç bir mənası yoxdur. Biz ailədə iki bacı və beş qardaş olmuşuq”

 

Bunu Məcra.az-a açıqlamasında 2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin mənsubu gizir Pəncəli Teymurovun qardaşı Famil Teymurov deyib. Şəhid qardaşı çox çətinliklə böyüdüklərini bildirib: “Çətinliklə böyümüşük, evin kiçik qardaşıyam və qardaşlarımın yamaqlı şalvarını da geyinmişəm. Zəhmətkeş bir ailədə dünyaya gəlmişik. Atamız əkinçiliklə, heyvandarlıqla məşğul olub bizi böyüdüb”.

 

O, şəhid qardaşı Pəncəlinin ailə qursa da övladı olmadığını deyib:

 

“Pəncəlinin övladı yoxdur və bəlkə də nişanəsi olsaydı, təsəlli tapardıq. O, bir müddət nişanlı qaldı və heç evlənmək də istəmirdi. Sən demə şəhid olacağını bilirmiş. Anam ona dedi ki, daha evlən və nəhayət ki, razı oldu. 2013-cü il avqustun 18-də toyunu etdik. Toyunda isə müğənni Manaf Ağayev oxudu. İki il altı ay evli qaldı, amma təəssüf ki, övladı olmadı. Heç olmasa övladı olsaydı, adam bir təskinlik tapardı. Pəncəli şəhid olandan sonra bacımın oğul övladı dünyaya gəldi və adını Pəncəli qoyduq”.

 

Xatırladaq ki, Pəncəli Teymurovun toyunda çıxışı zamanı özünə şəhidlik arzulaması isə hələ də insanların təəccübünə səbəb olub. Toyundan cəmi üç il sonra o, şəhid oldu. Pəncəlinin toyunu aparan müğənni Manaf Ağayev isə həmin vaxt şəhidin ata evinə gedib, məzarını ziyarət edib, məzarı başında “Vətən oğlu” mahnısını ifa edib.

 

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Pəncəli Teymurov hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq, xidmətini davam etdirib. Yüksək bacarıq və peşəkarlığı, nümunəvi xidməti nəzərə alınaraq o, 24 iyun 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. 2016-cı il Şanlı aprel döyüşləri zamanı isə qəhrəmancasına şəhid olub. Şəhid Pəncəli Teymurov aprelin 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb. Ölkə başçısının göstərişi ilə ölümündən sonra “Vətən uğrunda” medalıyla təltif edilib.

Uğur

 

PAGE TOP