Bildiyimiz kimi, fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident hazırda regionda mövcud olan vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri, münasibətlərin normallaşdırılması, etimad mühitinin yaradılması və sülhün təsis edilməsi üçün vacib əhəmiyyət daşıyan məqamlar barədə qarşı tərəfə ətraflı məlumat verib. O, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqlarda Almaniyanın neytral mövqeyini müsbət qiymətləndirib.
Ermənistan yalan və həqiqətdən uzaq iddialarla çıxış etdiyi, beynəlxalq ictimaiyyəti yalnış məlumatlandırmağa çalışdığı Almaniya nümayəndə heyətinin diqqətinə çatdırılıb. Bildirilib ki, bu gün Qərbdəki bəzi dairələr Azərbaycanın guya Ermənistana hücum edəcəyi haqda absurd, yalan iddialar ortaya atır, lakin onların heç bir əsası yoxdur. Dövlətimizin rəhbəri Azərbaycan işğal altındakı ərazilərin ermənilər tərəfindən dağıdılması, azad olunduqdan sonra həmin torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı, həmçinin Azərbaycanın irəli sürdüyü sülh
prosesi barədə məlumat verib. Deyib ki, sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur.
Dövlətimizin başçısı görüşdə müəyyən Qərb dairələrinin ölkəmizə qarşı əsassız mövqeyindən, Avropada islamafobiyanın, irqi ayrıseçkiliyin geniş yayılmasından da bəhs edib.
Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
Azərbaycanla Avropa İttifaqı ölkələri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində qarşılıqlı səfərlərin və imzalanan yeni müqavilələrin də böyük rolu var. Almaniya ilə Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan rasional münasibət sərgiləyən iki tərəfdaş ölkədir.Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında bildirib ki, Almaniya “Dağlıq Qarabağ”ı respublika kimi tanımamaqla öz mövqeyini bildirmiş oldu. Eyni zamanda, iki ölkə arasında iqtisadi sahədə əlaqələr də getdikcə genişlənir. Hazırda Azərbaycan Almaniyanın regionda ən böyük ticarət tərəfdaşıdır.
Elnur Atakişiyev,
Lənkəran-Astara Regional Mədəniyyət
İdarəsinin Cəlilabad nümayəndəliyi