Fevralın 14-də baş tutmuş andiçmə mərasimindəki nitqində Prezident İlham Əliyev əhalinin sosial rifahının yüksəldilməsi, bu məqsədlə ölkənin iqtisadi gücünün artırılması məsələlərindən ayrıca bəhs edib. Dövlət başçısı deyib ki,bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır.
Bu ilin yanvar ayının nəticələri ümidvericidir. Ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru isə 12 faizdən çox artıb. 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir, bizdə isə 9 faizdən az. Bütün bunlar bizim sağlam maliyyə sistemimizin göstəriciləridir və bu, bizə imkan verir ki, biz müstəqil siyasət aparaq.
Sosial sahədə görülmüş işlər göz qabağındadır. 2003-cü ildə bizim minimum əməkhaqqı 9 manat idi. İndi 345 manatdır. Əlbəttə ki, bu da yetərli deyil, ancaq dinamika var və dinamika davam edəcək. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Əlbəttə ki, yenə də deyirəm, bu, bizi qane edə bilməz. Ancaq dinamika var, inkişaf var və ən önəmlisi, gözəl perspektivlər var. Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır.
Biz heç kimdən heç nə xahiş etmirik. Çünki buna ehtiyac da olmayıb. Biz özümüzü tam təmin edən ölkəyik.
Prezident xüsusilə vurğulayıb ki, yoxsulluqla və işsizliklə bağlı öz fəaliyyətimizi davam etdirməliyik. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılmalıdır ki, işsizlik aşağı səviyyədə olsun. Müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır.
Sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir. Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən 14 min 800 fərdi ev və ya mənzil verilmişdir. Bu kateqoriyadan olan insanların 100 faiz evlərlə təmin edilməsi prosesi sürətlə gedir, o cümlədən bu il və gələn il bu işlər görüləcək.
Vacib vəzifələrdən biri texnoloji inkişafımızdır. Bu gün istər sənaye inkişafı sahəsində, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır.
Özüxan Niftiyev
Cəlilabad şəhər bələdiyyəsinin sədri