Biz yaxşı bilirik ki, 1990-сı illərin əvvəlləri Azərbaycan tarixinin ən ağrılı səhifələri olan birinci Qarabağ müharibəsi bizim üçün çoxlu qurbanlarla, itkilərlə həyatımıza yazılsa da, 2020-ci ilin sonları tariximizə qızıl hərflərlə həkk olunmuş, 44 günlük ikinci Qarabağ müharibəsində tarixi qələbəmizlə, torpaqlarımızın azad olunması ilə başa çatmışdır. Möhtərəm Prezidentimiz, şanlı ordumuzun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın yaratdığı Dağlıq Qarabağ münaqişəsi tarixə çevrildi. Kəlbəcər bölgəsinin vətəndaşları da bu tarixi yaşadı və nəhayət ki azadlığa qovuşdu və bu günlər Şəhər gününü dərin fərəh duyğusu ilə qeyd edirlər.
Bildiyimiz kimi, Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.
“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.
1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. İşğaldan, əsirlikdən azad edilən torpaqlarımız əsl sahiblərinə qaytarıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində qeyd edib: “Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı biz yaratdıq, düşməni torpaqlarımızdan qovduq, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik.. Dünyaya bir daha sübut etdik ki, Kəlbəcər səfalı yurd yeri, ana torpağımızdır, bir qarışı da düşmənə qismət olmayacaq.
Vüsal Kazımov,
“Azərpoçt” MMC Cəlilabad Regional Poçt filialının rəisi