Dövlətimizin başçısı İlham Əliyev İƏT-in Daşkənddə keçirilmiş Zirvə görüşündə ölkəmizə xüsusi diqqətin, xalqlarımızın dostluğunun təsdiqi kimi dəyərləndirilərək qeyd etdi ki, Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında iqtisadi münasibətlər tükənməz potensiala malikdir. Biz suveren ölkə kimi onlarla bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik.
Azərbaycan xalqı əlamətdar və tarixi dövrü yaşayır. Xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır. Separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir. Regionda yeni reallıqların yaranması səbəbindən əməkdaşlığın perspektivləri iqtisadiyyatın bütün sahələri üzrə meydana çıxır. Birgə səylər əsasında əməkdaşlığımız irəliləyir, bundan sonrakı qarşılıqlı fəaliyyətin yolları müəyyənləşdirilir.
Ölkəmiz müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla təkcə mühüm nəqliyyat mərkəzinə çevrilmədi, həmçinin Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfələr verməkdə davam edir. “Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir.
Rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə razılıq əldə olunub. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilib istifadəyə verilib və Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşası davam etdirilir.
Azərbaycan, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir.
Habelə regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edən Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Bütün bu təşəbbüslərin reallaşması təşkilata üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Şərqdən Qərbə yüklərin daha qısa zamanda və sərfəli qiymətə daşınmasına xidmət edəcək.
Təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər. İnanırıq ki, qalib Azərbaycanın beynəlxalq təşkilatlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə yaratdığı imkanlarından bütün region faydalanacaq.
Nazim Əsgərov,
Cəlilabad rayon Alar kənd 1 nömrəli
tam orta məktəbin direktoru