Məcra.az şair Qulu Ağsəsin yeni şeirlərini təqdim edir.
Külli-aləm,
bəni-Adəm,
göyün yeddi qatı,
torpağın altı…
hansı bilər? –
görən, Allah təkdi,
yoxsa, Onu təkləyiblər?..
***
Şəhərə duman yağıb,
elə bil yumurtanın sarısını çıxarıb,
yerinə Bakını salıblar,
hər yan
ağ,
ağ,
ağ…
Küçədə üç adamla
öpüşdüm bu gün.
biri də adımı düzgün demədi,
duman,
yağ,
yağ,
yağ…
***
“İnsan niyə ikiüzlüdü, axı?!” –
ilk dəfə
sevdiyinin
o üzündən,
bu üzündən öpəndən sonra
üçüncü üzünü
axtarmışdı dodağı…
***
Baxırsan ki:
axşam yazdığı iki sətir
səhər müəllifə qoşulub
çörək dalınca gedir…
Baxırsan ki:
Yer adlı bu şar
hələ çox hərlənəcək
nə qədər ki,
təzyiqi var…
Baxırsan ki:
əməllicə uzanıb ömür –
deyirlər, daha heç kəs
bir-birindən ötrü ölmür…
Baxırsan ki:
dünən bir baxışa bənd olanlar
bu gün əsiridi baxış sayının,
İlahi, bağışla,
bu gəlişimdə imkan olmadı –
nə sənin üzünü doyunca görüm,
nə də dünyanın…
***
Dünyanın o başında –
səni neçə şahlar satıb,
Qadın,
necə şairlər qələmə alıb,
səni bütün kişilər
sevib-aldadıb,
Qadın…
Dünyanın bu başında –
mənə ancaq üzr istəmək qalıb
sənin qarşında…
***
Dünən bir yağış yağdı –
Uşaq noğulu,
damlaları tərli,
yol yorğunu;
Yerə düşən kimi
biri qaçıb
dənizin kirli üz-gözünü təmizlədi,
islanmasın deyə,
tindəki heykəl
əlindəki kitabı
qoltuğunda gizlədi…
Deyirəm, imkan olsa,
bir gün yığışıb –
mahnı kimi
təzədən sifariş verək bu yağışı!
Dünən bir yağış yağdı –
dizimdəki quru yelə,
adam qocalanda
axsamır ha,
sadəcə, ayağını sürüyür
son mənzilə…
***
Mənimki
tək adamlarla yox,
heç heyvanlarla da tutmur…
Bir məktəb payızı –
kəndimizdən köçməsinlər deyə
qara daşı o üzünə çevirdim,
amma durnalar geri dönmədi…
Bir əsgər yayı –
azdığım səhrada
boz küçüklə rastlaşdıq –
mən sevincdən hürdüm,
amma o, şeir demədi
(ta üçüncünü dənəmədim)…
İndi axşamlar
sahilə gedirəm,
oturub qumun üstündə
dənizdə batan
qayaya dua edirəm…
“Kulis.az”