LAYİQLİ VARİS (Hekayə)

Hüseynbəyli Bilal Şaiq oğlu 2008-ci il avqustun 11-də Cəlilabad rayonunun Alar kəndində anadan olub. 2019-cu ildə “Elm və təhsil” nəşriyyatı onun vətənpərvərlik mövzusunda şeirlərindən ibarət “SƏNGƏRDƏN BAŞLAYIR VƏTƏN” və “SƏRHƏD DİRƏKLƏRİNİN NƏĞMƏSİ” adlı İKİ poetik toplusunu nəşr edib.  Bu il Bilal Hüseynbəyli Azərbaycan Neft və Sənasye Universuitetinin nəzdindəki kollecə daxil olub.

Bilal Hüseynbəyli filologiya üzrə fəlsəfə doktoru, şair Bilal Alarlının nəvəsidir. O, daha çox vətənpərvərlik mövzusunda şeir, hekayə və esselər yazır. Onun vətənpərvərlik mövzusunda qələmə aldığı “Layiqli varis” hekayəsini oxuculara təqdim edirik.

 

Bilal HÜSEYNBƏYLİ

 

LAYİQLİ VARİS

(Hekayə)

Azadın atası sərhədçi idi, Vətənin bütövlüyünü qoruyurdu. Onun xidmət etdiyi sərhəd bölgəsi həm də düşmənlə cəbhə xətti sayılırdı. Azad atasının peşəsi ilə qürur duyurdu. Məktəbdə keçirilən müxtəlif tədbirlərdə Azada da söz verilirdi. O, sərhədçi peşəsi haqqında həvəslə danışır, atasının Vətən sərhədlərinin keşiyində dayandığını söyləyirdi. Azad “Ədəbiyyat” dərsində bu mövzuda esse yazmış, qalib olmuşdu. Hətta onun essesini qəzetdə çap etmişdilər.

Günlərin bir günündə sərhəd bölgəsindən acı bir xəbər gəldi. Azadın atası sərhəd pozucularına qarşı mübarizə apararkən ağır güllə yarası almış və həlak olmuşdu.

Bu xəbər Azadı sarsıtdı, o, atasının cənazəsi önündə ağlaya-ağlaya dedi:

– Böyüyəndə mən də sərhədçi olacağam, sənin kimi Vətənin keşiyini çəkəcəyəm, ata!

Azadın atasını dəfn etdilər. Bu hadisədən illər keçdi. Azad böyüdü, hərbi məktəbə daxil oldu. Məktəbi bitirəndən sonra sərhədçi kimi fəaliyyətə başladı, atasının peşəsini davam etdirdi. Çox çəkmədi, Azad sərhəd pozucularına qarşı apardığı mübarizəsinə görə Ali Baş Komandan tərəfindən mükafata layiq görüldü. Azad mükafatı alandan sonra üzünü Ali Baş Komandana tutub dedi:

-Vətənə xidmət edirəm! Bu peşəni mənə atam sevdirib. Bu gün həm də atamın ruhu qarşısında baş əyirəm. Bu mükafatı təkcə mən qazanmamışam. Bu mükafata verdiyi tərbiyəyə görə həm də atam layiq görülüb. Mən onun arzularını həyata keçirirəm.

Azadın bu qısa çıxışı Ali Baş Komandanın xoşuna gəldi. İkinci dəfə Azadın əlini sıxdı, Vətənə ləyaqətlə xidmət etdiyinə görə ona təşəkkürünü bildirdi.

PAGE TOP