Son illər sosial şəbəkələrdə, mətbuatda, qəzet səhifələrində, televiziya ekranlarında demək olar hər həftə küçəyə atılmış körpə şəkilləri görürük.
Bu səhər saat 5 radələrində də Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən yeni doğulmuş (bir neçə günlük) qız uşağı tapılıb. Körpə yolda tapılaraq xəstəxanaya təhvil verilib.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış yazıçı Seyran Səxavət bu cür anaları lənətlədiyini bildirib:
“Sözün bitdiyi yer anlayışı var, bu məsələ məhz sözün bitdiyi yerdir. Bu, sözün, səsin, onların içində hər şeyin qurtardığı yerdir. Bu, namusun da, qeyrətin də, insanlığın da – bütün müqəddəslərin qurtardığı yerdir.
Mən dünyada bundan sonra min il də yaşasam, yenə mənə çatmayacaq ki, bu nə deməkdir. Körpə uşağı necə atmaq olar? O körpə uşaq mənim üçün Allahın bir parçasıdır, Qurani-Kərimdir. Allahın bir parçasını, Qurani-Kərimi necə atmaq olar?! Necə ondan vaz keçmək olar?! Mən belə insanları pisləmərəm, lənətləyə bilərəm! Onlar yalnız lənət obyektidirlər!”
Yazıçı vurğulayıb ki, sosial durumunun qaydasında olmaması belə, heç bir valideynə uşağı küçəyə atmağa haqq vermir:
“Bəzən sosial vəziyyəti əsas gətirirlər, bu, bəhanədir! Heyvanlar da dünyaya döl gətirir, heyvan bilmir sosial vəziyyət nədir, ictimai qınaq nədir, amma övladını atmır və böyüdür. Yəni 21-ci əsrin ən zəif insanı belə heyvan qədər də olmadı? Əlbəttə ki, hər şeyin səbəbi var, ancaq “saxlaya bilmirəm, imkan yoxdur” səbəb deyil, bu, allahsızlıqdır.
Bunun hamısı milli şüurla bağlıdır. Milli şüurumuz son dərəcə aşağıdır. İndiyə qədər 6 mindən çox müsahibə vermişəm, onun bəlkə də 5 minində bu məsələyə toxunmuşam. Bizdə milli şüur sıfırdan da aşağıdır. Bunun da səbəbi təhsilsizlikdir. Milli şüuru dünyaya gətirən, onu bələyən, cilalayan, böyüdən, dünya standartları səviyyəsinə qaldıran təhsildir. Bu olmayandan sonra hansı milli şüurdan söhbət gedə bilər? Mən belə anaları lənətləyirəm. “Saxlaya bilmirəm”sə sadəcə bəhanədir…”
S.Səxavət övladını cinsiyyətinə görə atan insanları sərt şəkildə qınayıb:
“O ki qaldı, atılan körpələrin əksəriyyətinin qız uşağı olmasına, hamı bilir ki, valideynlərə gələcəkdə ən çox yanan məhz qız uşaqlarıdır. Demirəm, oğlanlar valideynə yanmırlar, sadəcə qızlar daha diqqətli olurlar.
Allahın verdiyi payı cinslərə bölmək olar?! Bu. ən böyük günahdır. Həmin şəxslər Allahın bəlasına gələcəklər. Bizdə bir atalar misalı var: Bəy verən atın dişinə baxmazlar. Necə olur ki, bəy verən atın dişinə baxmırıq, amma Allah verən payın cinsinə baxırıq? Bu allahsızlıqdan başqa bir şey deyil. Mənim matım-qutum, dilim qurudu. Ürəyimdən keçənlərin böyük hissəsini deməyə söz belə tapmıram…”