Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin anadan olmasından 186 il ötür.
Həsən bəy Məlikov (Zərdabi) 28 iyun 1837-ci ildə keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olub.
O, ilk təhsilini Zərdab kəndindəki mədrəsədə alıb. Burada ərəbcə və farsca öyrənən Həsən bəy Zərdabi 1852-ci ildə Şamaxı şəhərində rusca dünyəvi təhsil verən məktəbə yazılıb.
Daha sonra 1861-ci ildə məktəbi uğurla bitirərək dövlət təqaüdü ilə Moskva Universiteti Fizika-Riyaziyyat fakültəsində təbiət elmləri üzrə təhsil almağa göndərilib. 1865-ci ildə bu universiteti fərqlənmə diplomu ilə bitirib. Ali təhsil ocağını əla qiymətlərlə başa vurduğuna görə elmi iş üçün universitetdə saxlanılması qərarı qəbul edilib. Lakin xalqına, millətinə xidmət etmək arzusu onu Azərbaycana gətirib.
Zərdabi universiteti bitirdikdən sonra Bakıda məktəbdə təbiət elmləri üzrə müəllim kimi işə düzəlib.
Bununla da onun həyatında yeni dövr – maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayıb. Lakin problemin çətinliyi onda idi ki, Həsən bəy Qafqazda o zaman fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər içərisində ali təhsilli yeganə azərbaycanlıydı. Həmin dövrdə burada azərbaycanlı şagirdlər də yox dərəcəsində idi. Bununla da Həsən bəy azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq içərisində təbliğat aparmağı qarşısına məqsəd qoyub. O, müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda “Cəmiyyəti-xeyriyyə” yaradıb. Həmin ilin bütün yayını Həsən bəy Zərdabi gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov (Gorani) ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolanaraq rəsmi dəftərə “Cəmiyyəti-xeyriyyə”yə üzv yazdırmaqla məşğul olub.
Həsən bəy Zərdabi həm də Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və dramaturqlardan Nəcəf bəy Vəzirovla Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə Mirzə Fətəli Axundovun “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyaları tamaşaya qoyulub.
O, Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət verib. 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək göstərib.
Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy qəzet çap etmək üçün hökumətə müraciət edib. Bununla əlaqədar böyük mütəfəkkir İstanbuldan hürufat gətizdirib və nəhayət, xeyli zəhmətdən sonra 1875-ci il iyulun 22-də Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olub. Bu mətbu orqanla Azərbaycan milli mətbuatının əsası qoyulub.
1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb.
Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokrat naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görüblər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra biliblər.
1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur olub.
Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da, xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynayıb. Zərdabi ölümünə yaxın iflic keçirib. Lakin o, ömrünün sonuna qədər “Kaspi” qəzetindəki vəzifəsini davam etdirib. 28 noyabr 1907-ci ildə vəfat edib.
O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən qəbri Fəxri xiyabana köçürülüb. (Adalet.az)