“Otuz il ərzində təbliğat apardıq və möhtəşəm bir gənclik ordusu yetişdirdik…”-MÜSAHİBƏ

“1993-cü ilin dekabr ayının 3-də minaya düşərək iki ayağımı itirdim. Artıq 1994-cü ildən protez ayaqlarımı geyinib fəaliyyətə başladım. Həmin dövrdə Cəlilabadda xırda alver yaman qızışmışdı. İrandan da pal-paltar gətirilirdi. Həmin dövrdə biz könüllü olaraq döyüşə getmişdik”

Bunu Adalet.az-a açıqlamasında Qarabağ Müharibəsi qazisi, kapitan, birinci qrup əlil, Qarabağ Qaziləri Birliyinin Cəlilabad filialının sədri Maşalla Əliyev deyib. M.Əliyev Vətən müharibəsinə qədər gənclər arasında vətənpərvərliklə bağlı 30 il təbliğat apardığını bildirib:

“Mən onda uşaq bağçalarından başladım. Uşaqlara güllə atdırırdım, vətənin nə olduğunu, onu sevməyi, uğrunda şəhid olmağı öyrədirdik. Vətən deyəndə bir barıt qoxusu hiss etməlisən. Biz onlara barıt qoxusunu hiss etdirirdik. Qaliblərə xəncər, bayraq verirdim. Mən bu dünyada bayrağa və və silaha sitayiş edirəm. Uşaqlarımızın o silahla yönlərini döndərdik. Biz türkük və o hünəri bizə Allah verib. Otuz il ərzində cənublular deyilən bir anlam yarandı.

“Döyüşə gedən, şəhid olan əsgərlərimizin əksəriyyətini tanıyıram…”

“Vətən müharibəsi zamanı Cəlilabad 100 nəfər hərbçisini şəhid verdi. Onlardan ikisi- şəhid kapitan Rəşad Abdullayev və qazi Qəzənfər Ağayev Vətən Müharibəsi Qəhrəmandır. Döyüşə gedən, şəhid olan əsgərlərimizin əksəriyyətini tanıyıram. Çünki birinci Qarabağ savaşından sonra o uşaqlar hamısı gəlib bizim birliyimizə sığındılar, onları mən başıma topladım.

Otuz il ərzində təbliğat apardıq və möhtəşəm bir gənclik ordusu yetişdirdik. Torpaqlarımızın işğalda qalması mümkün olan bir şey deyildi. Qırx yaşımda minaya düşmüşəm, indi yetmiş yaşım var dünya görmüş adamam. Bizə Allahdan şans lazım idi. Dəfələrlə söhbət edirdik və deyirdilər ki, səbr diləmək lazımdır. Amma mən deyirdim ki, ilahi, bizim səbrimizi kəs, namus gedəndən sonra adam səbr edərmi, bu hansı kitabda yazılıb?!”

“Dedim ki, ilahi, səndən bir xahişim var, biz intiqam alana kimi…”

“Bir dəfə rayonumuza Prezident Aparatından dini işlərlə əlaqəli bir nəfər nümayəndə gəldi. Böyük bir yığıncaq oldu. Orda nümayəndəyə söz veriləndə dedi ki, “ilahi, ermənilərə təbii fəlakət göndər, onları yerlə-yeksan elə, o milləti yer üzündən sil”. Hamı amin deyib alqışladı. Əlimi qaldırıb dur! deyib söz istədim. Dedim ki, ilahi, səndən bir xahişim var, biz intiqam alana kimi erməniləri təbii fəlakətdən, xəstəlikdən qoru, qoy onlar inkişaf etsin, artsınlar, sayları çoxalsın. Onda hamı ayağa qalxıb məni alqışladı. İlahi tarixin təkərini bizim xeyrimizə fırlatdı. Allah Ali Baş Komandan İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistan Respublikasının canın sağ eləsin. Onlar bizim liderlərimizdir”.

“Demək olar ki, vətənpərvərliklə bağlı efirlərimizdə heç bir veriliş…”

“Onda ideologiya rusların əlində idi. Ona görə də televiziyalarımız insanlarımıza lay-lay çalırdı. Demək olar ki, vətənpərvərliklə bağlı efirlərimizdə heç bir veriliş yox idi. Lakin biz vətənsevərlər torpaqlarımızın əvvəl axır işğaldan azad ediləcəyini gözləyirdik və ona görə də gənclərimizi buna hazırlayırdıq. Apardığım vətənpərvərlik təbliğatı nəticəsində 10 ildən sonra bütün məktəblər mənim nəzarətimdə idi”.

“On il ərzində 10 min civarında bayraq alıb paylamışdım…”

“Biz həm də şəhid olan əsgərlərimizin cənnətə uğurlamaq mərasimlərində də iştirak edirdik. Mən həm də şəhidlərimizlə danışırdım deyirdim ki, sənin qəbrin bizim üçün and yeridir, yaşadığın ev ocağdır, nə qədər həyatda varıq atan, anan, bacı və qardaşların müqəddəsdir. Heç vaxt unudulmayacaqsınız. Hər evin həyətinə bayraq və lövhə vururduq. On il ərzində 10 min civarında bayraq alıb paylamışdım. Bu bayraqları şəhidlərimizin evlərinə vurub və qəbirlərinin üstünə sərmişdik”.

“Amma Rafiq müəllim Cəlilov Cəlilabada icra başçısı təyin olunandan sonra…”

“İlahi hər bir yurda o sakinlərin özünə layiq adamları, dövlət məmurlarını göndərir. Ümumiyyətlə, son zamanlar dövlət məmurlarıyla biz vətənsevərlər arasında münasibət Azərbaycanın heç yerində olmayıb. Amma Rafiq müəllim Cəlilov Cəlilabada icra başçısı təyin olunandan sonra bu günki münasibət, idarəetmə, insanlarla güc strukturları arasında olan təmas Azərbaycana örnəkdir. Bunu təkcə mən yox, hamı deyir. Cəlilabad zəmətli bir qaladır, sakinləri fədakar, qəhrəmandılar. Bizdə insan potensialı var. Polis idarəsində, prokurorluğa gedəndə elə bilirik ki, doğma ocağımıza gedirik. Yəni o cür doğma münasibət var.

Bu rayon vaxtilə Rusiya imperiyası üçün də maraqlı olub. Burda digər tayfalardan fərqli tayfalar var, burda savaşqanlıq, dövlətsevərlik, şəhidsevərlik, bayraqsevərlik var. Ona görə ruslar Cəlilabadda hərbi hissələr yaratmışdılar. İnsanları zəhmətkeş, torpağı bərəkətli, ağsaqqallıq, ağbirçəklik var bu rayonda. Bu başqa rayonlarımızda da var, amma biz öndəyik. Ona görə İran o donuz burnunu bizim işimizə soxmasın. İndi rayonumuzda əcaib, dırnağarası “jurnalistlər” peyda olublar. Axşama kimi qarayaxma kampaniyası ilə məşğuldurlar. O adamların əksəriyyəti cəzalandı, həbsxanada çürüyəcəklər, yerdə qalan o uzunqulağa bənzəyənlər də cəzasını alacaqlar. Onlara baxanda ətim tökülür. Amma bizim sizin kimi jurnalistlərimiz var. Başqalarına ehtiyacımız yoxdur. Biz vətənsevərlər Cəlilabadı ən yüksək zirvələrə qaldırmışıq. Onu yalandan gözdən salmaq lazım deyil. Mən buralıyam, burda yaşamışam, burda da öləcəm”.

Vasif Əlihüseyn

PAGE TOP