Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.
1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdır, ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi. Yeni Azərbaycan Partiyasının yaranması bütün Azərbaycanda böyük əks-səda vermişdir. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir və bu gün də bu, belədir.
Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir. Bu gün biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq. Azərbaycanda təhlükəsizlik təmin edilir, Azərbaycanda əmin-amanlıq hökm sürür; Azərbaycanda bütün azadlıqlar təmin edilir. Azərbaycan demokratik ölkədir. Azərbaycanda insanlar azad yaşayırlar. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşayırlar. Bu da dünyada bir nümunədir.
Sabitlik inkişaf üçün, təhlükəsizlik üçün əsas şərtdir. Bu gün dünyanın bir çox yerlərində sabitlik pozulub, müharibələr, münaqişələr, toqquşmalar baş verir, o, ölkələri geriyə atır. Azərbaycanın timsalında hər kəs əyani şəkildə gördü ki, sabitlik olan yerdə əmin-amanlıq da var, inkişaf da var. Sabitlik üçün isə güclü lider lazımdır. Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü Lideri seçərək, öz taleyini ona etibar etdi və yanılmadı.
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə mMüraciətində demişdir: Azərbaycan bütün qərarları müstəqil şəkildə qəbul edir. Heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun.
Ulu Öndər Heydər Əliyev öz dövlətinə, xalqına sıx bağlı olan bir adam idi. Məhz onun təşəbbüsü ilə Azərbaycan dilinin qorunmasına dair önəmli addımlar atılmışdır, müvafiq sərəncamlar imzalanmışdır. Azərbaycan dilinin qorunması milli kimliyimizin qorunması deməkdir. Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili Ana dilidir. Məhz Ulu Öndərin təşəbbüsü ilə Ana dilimizin qorunması istiqamətində atılan addımlar bu gün də davam etdirilir və bu, daim davam etdirilməlidir.
Şərəf İbrahimov,
Cəlilabad rayonu, Hacıməmmədli kənd
tam orta məktəbinin direktoru