Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər.
Ulu Öndərin gücü və müdrikliyi Azərbaycanı bir çətir kimi qoruyurdu. 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz Ulu Öndər çatdırmışdır. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir.
Sovet İttifaqının repressiv maşını Heydər Əliyevə qarşı geniş hücuma keçmişdir və onun Moskvada qalması artıq mümkün deyildi. 1990-cı ilin iyul ayında Ulu Öndər Moskvadan Bakıya gəlmiş, ancaq ovaxtkı Azərbaycan rəhbərliyi onu da ona çox görmüşdür. Bu səbəbdən də Ulu Öndər Naxçıvana getmiş və orada yaşamağa başlamışdır.
Doxsanıncı illərin əvvəllərində hakimiyyətdə olanlar ancaq şəxsi mənafeyi düşünürdülər, talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos, torpaqlar əldən gedirdi. Ölkəmizin müxtəlif yerlərində separatçılıq baş qaldırıb gedirdi, ölkə parçalanma ərəfəsində idi, ölkədə bir çox silahlı birləşmələr müxtəlif istiqamətlərdə hakimiyyəti və ya hakimiyyət orqanlarını zəbt etmişdilər. 1993-cü ilin real mənzərəsi – özbaşınalıq, quldurluq, xaos, anarxiya.
Məhz hakimiyyətə gəlmək üçün Şuşanı boşaltdılar. Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmiş və öz arzusuna çatmışdır. Şuşa işğal olunandan sonra Laçının taleyi də böyük təhlükə altında idi və on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. AXC-Müsavat hakimiyyəti Ermənistana yanacaq satırdı.
Xalq Ulu Öndər Heydər Əliyevin simasında nicat yolunu görürdü.Ağır dövrdə ovaxtkı hakimiyyət qardaş qanını axıtdı, vətəndaş müharibəsinə start verdi, təki hakimiyyətdə qalsın və öz talançılıq fəaliyyətini davam etdirsin. Xalq isə ayağa qalxdı. O ağır dövrdə xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev demək olar ki, gənc, müstəqil Azərbaycan dövlətinin, sözün əsl mənasında, xilaskarına çevrilmişdi.
“Əsrin kontraktı” imzalanandan iki həftə sonra Azərbaycanda dövlət çevrilişinə cəhd edildi. Ulu Öndər Heydər Əliyev amili, xalqın ona inamı bu cəhdin qarşısını aldı. Yüz mindən çox insan Azadlıq meydanına toplaşaraq öz Liderinə dəstəyini göstərmişdir və hərbi çevrilişdə əli olan ünsürlər pərən-pərən oldular.Ulu Öndərə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha göstərdi. Heydər Əliyev 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Dərhal ciddi islahatlara başlanıldı. Bütün azadlıqlar təmin edildi. AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu.
1995-ci ilin mart ayında dövlət çevrilişinə ikinci cəhd baş verdi. Artıq digər qanaddan gələn zərbə yenə də gənc dövlətimizi sarsıtdı. Yenə də xalq Ulu Öndərin ətrafında birləşərək o cəhdə də imkan vermədi. 1996-cı ildə sabitliyi pozmaq üçün əlavə cəhdlər göstərildi, onların da heç bir nəticəsi olmadı və yalnız ondan sonra ölkəmizdə, sözün əsl mənasında, sabitlik yaranmışdır. Bu, əsl qəhrəmanlıq idi. O vaxtdan bu günə qədər biz sabitliyi qoruyuruq.
Xalid Hüseynov,
YAP Cəlilabad Rayon Təşkilatında məsləhətçi