Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi.
Bütün Azərbaycan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. İlin əvvəlindən bu günə qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm müxtəlif ölkələrdə bir çox tədbirlər keçirilmişdir və keçiriləcəkdir. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır.
Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Sovet Azərbaycanı dövründə – 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər.
Görülən bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Bu gün dünyada, dünyanın müxtəlif yerlərində müxtəlif meyillər baş verir, müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Biz isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyimizi çox möhkəm milli-mənəvi təməl üzərində qururuq.
Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır. Gənc nəsil öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olmalıdır. Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Elə bir gənc nəsil yetişib ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər.
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyiilə bağlı Prezident İlham Əliyevin müraciətində deyildiyi kimi, bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan, torpaqlarımızı erməni işğalından azad edən güclü və qalib orduya malik olması Heydər Əliyevin misilsiz xidmətlərindən sadəcə biri sayıla bilər.Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, gənc və yeniyetmə azərbaycanlı oğlanların həmin məktəbə, habelə respublikadan kənarda ali hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar hərbi kadrlar hazırlanması işinə böyük təkan vermişdi.
Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır. Məhz Ulu Öndər qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir. Milli-mənəvi dəyərlərin qorunmasında Ulu Öndərin çox böyük rolu olmuşdur, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində çox böyük rolu olmuşdur. Məhz onun təşəbbüsü ilə 1996-cı ildə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir.
Anar Kərimov,
Göytəpə bələdiyyəsinin əməkdaşı, YAP fəalı