Prezident İlham Əliyevin cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışınında bəyan etmişdir ki, Azərbaycan iqtisadiyyatı böyük templərlə inkişaf edir.
Azərbaycanın boru kəməri infrastrukturu vasitəsilə Qazaxıstandan neftin nəqlinə başlanılması barədə razılıq əldə olundu. Proses bu yaxınlarda başlayıb və 1,5 milyon ton neftin təchizi və onun Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Aralıq dənizinin sahilinə nəqli üçün müqavilə imzalanmışdır. Qazaxıstan neftinin Azərbaycandan nəql edilərək həcmini artırmaq üçün planlar da var və danışıqlar indi davam edir. Bakı-Tbilisi-Ceyhanın tutumu 50 milyon tondur. Bu, heç vaxt belə olmayıb, bəlkə bir il buna yaxın olub. Lakin indi bizə Mərkəzi Asiyadan, Rusiyadan neft nəql olunur, bu mənbələrdən daha çox neft nəql olunacaq. Gün gələcək Bakı-Tbilisi-Ceyhan Azərbaycandan olan neft və kondensat, həmçinin Mərkəzi Asiyadan neft sayəsində tam gücü ilə işləyəcək.
Zəngəzur dəhlizi, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, bu layihənin qlobal səviyyədə əhəmiyyəti var.
Zəngəzur dəhlizinin böyük potensialı var. Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolu əlaqəsi yaradılır və Zəngəzur dəhlizi həmin marşrutun davamı, “Bir kəmər, bir yol” layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər. Çünki Naxçıvan ərazisindən İranın dəmir yolu ilə bağlantısı var və bu marşrutla Fars körfəzi istiqamətində yüklər daşına bilər. Ermənistan ərazisindən keçən 40 kilometrdən bir az artıq olan dəmir yolu xətti inşa edilsə, bu, beynəlxalq layihə olacaq. Ermənistan bu layihə qarşısında süni maneələr yaradacaqsa, onlar bundan yalnız uduzacaqlar.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Simson Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırıb. Azərbaycan maksimum bir neçə ilə 10 ölkəni, o cümlədən 8 Avropa ölkəsini qazla təchiz edəcək. Bu, onu göstərir ki, bizim layihələri təkcə kommersiya nöqteyi-nəzərindən deyil, həm də strateji nöqteyi-nəzərdən planlaşdırmağa ehtiyacımız var.
Qarşımızda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böyük çağırış və məsələ dayanır. Bizim heç bir ölkə, xüsusən də qonşu ölkə ilə hər hansı problemin olmasına ehtiyacımız yoxdur. Tam əminik ki, Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq. Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi başa düşməyə, təkcə başa düşməyə deyil, açıq şəkildə qəbul etməyə yaxınlaşması da qismən geosiyasi dəyişiklik, qismən də “kimsə gəlib onların yerinə döyüşəcək” illüziyalarının çökməsi ilə əlaqədardır.
Ramil İbrahimov,
Masallı Regional Mədəniyyət İdarəsi
Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru