Ağstafada AĞIR QƏZA: 3 ölü, 6 yaralı – YENİLƏNİB

Ağstafada yol qəzasında ölənlərin adları açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, xəbər verildiyi kimi, Bakı Qazax avtomagistralının Ağstafa rayon ərazisindəki yeni tikilmiş və istismara verilməmiş hissəsində VAZ 2107 və Toyota markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. İlkin araşdırmalar zamanı “VAZ 2107” markalı avtomobildə olan Ağstafa rayon sakinləri, 32 yaşlı Elşad Namazov, 29 yaşlı Ramin Məmmədov, Füzuli rayon sakini 47 yaşlı Hüseyn Məmmədhəsənov ölüblər. Digər sərnişinlər Ağstafa rayon sakinləri 24 yaşlı Orxan Xəlilov və 29 yaşlı Sərxan Vəliyev xəsarət alıb. Bundan başqa Toyota markalı avtomobildə olan 6 nəfərdən 3-ü orta-ağır 3-ü isə yüngül bədən xəsarətləri alıblar.

***
Saat: 14:44

Ağstafada ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, Ağstafa rayon Polis Şöbəsinə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub:

“Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində Toyota və VAZ 2107 markalı avtomobilin toqquşması, Toyota markalı avtomobilin 6 sərnişinin yaralanması, VAZ 2107 markalı avtomobildə olan 5 nəfərdən 3-nün ölməsi məlum olub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı əlavə məlumat veriləcək”.