Cari ilin 25 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin 25 aprel tarixində Bolqarıstana səfəri region ölkələri arasındakı strateji münasibətlərin yeni mərhələyə daxil olmasına imkan yaradıb. Sofiya şəhərində “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Prezidentin Anlaşma Memorandumunun imzalanması mərasimindəki çıxışı böyük marağa səbəb olmuşdur.
Bolqarıstan son illər strateji əlaqələrimizin daha da gücləndiyi Avropa ölkələrindəndir. Avropa üçün Azərbaycan yeni alternativ mənbədir. Mərkəzi, Şərqi Avropa enerji təhlükəsizliyini daha çox Azərbaycanın mavi qazı hesabına gücləndirmək niyyətindədir. Rəqəmlər göstərir ki, son illər ərzində Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsində kəskin artımlar var. Amma təbii ki, potensial daha böyükdür. Azərbaycan ilə Bolqarıstan arasındakı əməkdaşlıqda vacib istiqamətlərdən biri də enerji əməkdaşlığıdır.
Enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində imzalanmış Memorandum çox mühüm addımdır. Bununla Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir. Eyni zamanda ölkələr arasında siyasi dialoqa münbit şərait yaradır.
Qeyd edək ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var. Bu fakt ölkələrimiz arasında strateji tərəfdaşlıq və əməkdaşlıq səviyyəsini göstərir, siyasi dialoqun dinamikasını nümayiş etdirir və göstərir ki, bu ölkələrlə Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir.
Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq.
Şamməddin Əsədullayev,
Cəlilabad rayon Çünzəli kənd tam orta məktəbin direktoru