Heydər Əliyevin azərbaycançılıq ideologiyası sayəsində xalqımızın, o cümlədən soydaşlarımızın birlik və həmrəyliyinə nail olundu. Bu ideyanın əsas qayəsini Azərbaycan dilinə həqiqi dövlət dili statusunun qazandırılması, dilimizin qorunmasına və inkişafına yüksək diqqət göstərilməsi təşkil edirdi. Ulu Öndər Ana dilini milli özünüdərk yolunda ən mühüm amillərdən biri kimi dəyərləndirir, bu istiqamətdə cəsarətli və uzaqgörən addımlar atırdı. Heydər Əliyevin Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsi olaraq, 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu.
Azərbaycandilli məktəbin, maarifin inkişafına diqqət artırıldı, Moskvanın etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edildi, ana dilində təhsilə üstünlük verildi. Azərbaycandilli mətbuatın inkişafı təmin olundu. Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş ardıcıllıqla araşdırıldı, çoxcildlik “Müasir Azərbaycan dili” kitabları nəşr edildi. Ali məktəblər üçün “Müasir Azərbaycan dili” dərsliyi Dövlət mükafatına layiq görüldü. Ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə Ana dilinin nüfuzu bir daha təsdiq edildi. Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutu yaradıldı. 1974-cü ildə Azərbaycan dilinin tədqiqinə görə bir qrup dilçi alim Dövlət mükafatına layiq görüldü.
Hər il avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Ulu Öndər Heydər Əliyev demişdi: “Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.” –
Bu gün Azərbaycan dili Azərbaycan dövlətinin dünyada nüfuzunun artması ilə əlaqədar beynəlxalq arenaya çıxıb. Dil siyasətinin əsaslarını yaradan isə məhz Heydər Əliyev idi. İstər siyasi, ictimai, istərsə də mədəni aspektdə dilin mövqeyinin möhkəmləndirilməsi üçün bir sıra islahatlar həyata keçirilib. Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Dil həm də bir döyüşçü kimi xalqımızın mənəvi keşikçisidir. Bu səbəbdən də onu elə sözlə yükləməliyik ki, döyüşlərdən qələbə ilə qayıtsın. Heydər Əliyevin fikridir: “Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur”. Bu deyim dilimizin hərtərəfli və zəngin xüsusiyyətlərə malik olduğunu bir daha təsdiqləyir.
Xalqımızın milli sərvəti sayılan ana dilimizin inkişafına yönələn qərarların həyata keçirilməsi hər birimizdən asılıdır. Bu, həm də bizim müqəddəs vətəndaşlıq borcumuzdur.
İqbal Baxşılı,
Cəlilabad RMX PHŞ-da mühasib