“Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva”

Ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə xanımın olduqca mənalı və zəngin həyat yolu, ailəsi, övladları, xalqının xoşbəxtliyi uğrunda fədakarlığı nəinki bugünkü, həm də gələcək nəsillər üçün örnək və yaşam etalonudur.

Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Azərbaycan adlı bir məmləkəti hər cür təqiblərdən qoruyan, bu torpağa qol-qanad verən, onu bütün dünyaya tanıdan bir insanı tək qoyub getdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.

Zərifə xanım və onun həyat yoldaşı Heydər Əliyev sahib olduqları nəcib keyfiyyətləri, ali mənəvi dəyərləri layiqli vətəndaş, peşəkar siasətçi, istedadlı dövlət xadimi kimi  yetişdirdikləri övladına ötürüblər. Bu gün bütün xalqımız cənab İlham Əliyevlə haqlı olaraq fəxr edir. Bu fəxarət hisslərində həm də onu dünyaya gətirib boya-başa çatdırmış soy-kökə, layiqli övlad kimi tərbiyə etmiş Zərifə Anaya dərin minnətdarlıq duyğuları var. Onunla bağlı hadisələr yaddaşların dərin qatlarından üzə çıxdıqca bu bənzərsiz insanın işıqlı obrazı sönməz günəş kimi parlayır və mənəviyyat tariximizin örnəyinə çevrilir.

Möhtərəm Prezidentimiz “Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq – insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq – insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı.”

Bəli, 100 illik ömür yolunu qeyd etdiyimiz Zərifə xanım Əliyeva günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Zərifə xanım Əliyeva qəlbini şam kimi əridib ondan xeyirxahlıq, işıq umanların yoluna nur çiləmək üçün yaradılmışdı.

 

Nadir Əliyev,

 Cəlilabad RMX PHŞ-nın 

Göytəpə şəhər ASM şöbəsinin müdiri

PAGE TOP