Ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini bildirən və siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi təsvir edən Prezident İlham Əliyev demişdir: “Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır. “Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.”
Təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edir. Siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Eyni zamanda, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaratmışdır. Təsadüfi deyil ki, bəzi siyasi partiyalar rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatlarını vermişlər. Bu cür halları obyektiv və təbii proses kimi qəbul etmək lazımdır.
Dialoq prosesi keyfiyyət etibarı ilə artıq yeni və fərqli müstəvidə inkişaf edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq yeni daha təkmil və konstruktiv modelə transformasiyaya uğrayıb. Belə ki, qəbul olunmuş “Siyasi partiyalar haqqında” yeni Qanun “dialoq” məfhumunu siyasi aktorlar arasındakı münasibətlərin legitimliyini şərtləndirən əsas amillərdən birinə çevirib. Odur ki, sağlam dialoqu inkar edən qüvvələr siyasi münasibətlərdə irrasional tərəf kimi çıxış edir.
Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.
Hafiz Əliyev,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Üçtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi