Son illər davam edən iqlim dəyişikliyinin dünyanın sonunu gətirəcəyi barədə iddialar səngimək bilmir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlərin fikrincə, iqlim dəyişikliyi sadəcə müzakirə mövzusu deyil. Artıq buzlaqlardakı ərimələr və quraqlıq bunun bariz nümunəsidir. Bu baxımdan da hazırda bir qrup alimi düşündürən tək məsələ hazırki sivilizasiyanın necə məhv olması barədə gələcək nəsillərə məlumat çatdırmaqdır. Bunun üçün hətta bir layihə də həyata keçirilib.
Belə ki, bir qrup alim Avstraliyanın Tasmaniya vilayətində, insan ayağı dəyməyən bir yerə “qara qutu” yerləşdirəcək. Onu elə təyyarələrdəki qara qutu ilə eyniləşdirə bilərsiniz.
Məlumata görə, bu layihəyə “Earth Black Fox” (Dünyanın qara qutusu) adı verilib. Alimlərin fikrincə, onun mühafizəsi elə aparılır ki, hətta çox güclü nüvə partlayışı da ona təsir etməz. Elm adamlarının sözlərinə görə, “qara qutu” iqlim dəyişikliyi və sivilizasiyanın hansı səbəbdən yox olması barədə məlumatları özündə toplayacaq və hər kəsdən çox yaşayacaq. Üzərinə balonlar və günəş panelləri qoyulacaq. Həmin panellər vasitəsilə “qara qutu” internetə daxil olacaq və iqlim dəyişikliyi barədə məlumatlar toplayacaq. Layihəni hazırlayan alimlərin biri müsahibəsində bütün elektrik şəbəkəsi çöksə belə, “qara qutu”nun işləyəcəyini deyib.
Digər xəbərə görə, “qara qutu”nun yerləşdirilməsi üçün Qətər, Malta və Norveç kimi ölkələr də namizəddir. Ancaq Tasmaniya baş verəcək təbii fəlakətlərdən nisbətən uzaq olduğu üçün layihənin burada daha yaxşı qorunduğu düşünülür.
Düşündürən suallardan biri də gələcək nəsillərin “qara qutu”ya yazılan qeydlərin necə oxunmasıdır. Bildirilir ki, məlumatların necə oxunması barədə bütün bildirişlər layihənin üzərində həkk olunacaq.
Ancaq bəzi alimlər bu layihənin gərəksiz olduğunu düşünürlər. Onların fikrincə, dünyanın xilası üçün maliyyə ayırmaq əvəzinə, belə bir layihə hazırlamaq lazımsızdır.
“Qara qutu”da torpaq və suyun istiliyi, okeanda duzluluq, atmosferdəki CO2, növlərin nəslinin kəsilməsi, ərazilərdən istifadənin dəyişikliyi və əhali sayı, hərbi xərclər və enerji istehlakı barədə məlumatlar yığılacaq. Həmçinin qəzet manşetləri, sosial media paylaşımları və iqlim dəyişikliyi məlumatları da burada toplanacaq.