4-cü çərşənbə Torpaq çərşənbəsidir. Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. “Torpaq çərşənbəsi” hesab olunan sonuncu (ilaxır) çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi qeyd edilir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı.
Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Analar, qız-gəlinlər “Səməni, saxla məni, ildə göyərdərəm səni, Ayaq basdın ölkəmizə, Bol-bol şənlik gətir bizə,- deyib ulularımız. Bu zaman xırda qablarda buğda isladar, səməni göyərdərdilər. Bu adət bu gün də davam edir.Çərşənbələrdə yazın nəfəsi növbə ilə havanın, suyun, ağacların, torpağın canına hopub onları oyadır. Yazın nəfəsi buzları əridir, çayların donu açılır, torpaq ağaclarla birlikdə oyanır, hər yer canlanır. Torpaq yavaş-yavaş islanmağa başlayır.
Torpaq çərşənbəsində tonqal qalanması, plov dəmlənməsi, səməni cücərdilməsi, xonça hazırlanması, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma, məzar ziyarəti və s. kimi xalqımızın qədimdən bu günə kimi yaşatdığı bir çox adət-ənənələr var.İnama görə bu çərşənbə vaxtı torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da insanlara baharın gəlişindən müjdə verir. Torpaq insanlar üçün müqəddəsdir, yaradılışın maddi əsası hesab edilir. Torpağın müqəddəsliyi həm də vətən, yurd, el-oba anlayışı ilə də bağlıdır.
Bu isə ilk növbədə insanın yaradılış mifindən qaynaqlanır. Yazda torpağın oyanması dirilmə, canlanma anlayışı ilə əlaqədardır. 4-cü çərşənbə sayılan Torpaq çərşənbəsindən sonra həyaın varlığı üçün bir tamlıq yaranır. Su, Yel, Od, Torpaq çərşənbəsindən sonra torpaq oyanır, hər tərəf yaşıl rəngə boyanır. Təbiətin qanununauyğunluğuna əsasən əsil Yeni İl gəlir. Şumlama başlayır, toxum səpilir, bağ-bağçalarda yeni ağac tingləri əkilir. Uşaqların, insanların üzü gülür!Qoy həmişə üzünüz gülsün, əziz dostlar, əziz Azərbaycan xalqı! İlaxır çərşənbəniz mübarək!





























