Xəbər verdiyimiz kimi, “Sabah” öz meydanında “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edərək kubokda finala vəsiqə qazanıb.
“Qafqazinfo”nun məlumatına görə, Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşmanın final fitindən sonra meydanda gərginlik pik həddə çatıb.
Ağdam təmsilçisinin futbolçuları, xüsusilə də monteneqrolu legioner Marko Yankoviç hakim qərarlarına kəskin etiraz ediblər. Baş hakim Yankoviçə əvvəlcə sarı, etirazların davam etdiyini gördükdə isə birbaşa qırmızı kart göstərərək onu meydandan kənarlaşdırıb.
Gərginliyin əsas səbəbi isə oyunun son saniyələrində baş verən mübahisəli epizod olub. Belə ki, “Qarabağ”ın futbolçusu Kamilo Duranın rəqib cərimə meydançasında vurduğu zərbənin Velko Simiçin əlinə dəydiyini iddia edən qonaq komanda penalti tələb edib. Lakin hakim oyunu davam etdirib və bu qərar “Köhlən atlar”ın kəskin narazılığına səbəb olub.
Qeyd edək ki, bu qələbə ilə “Sabah” adını finala yazdıraraq həlledici oyunda “Zirə”nin rəqibi olub.






























