Bu gün Milli Qəhrəman, əfsanəvi komandir, I Qarabağ müharibəsində şəhid olmuş Allahverdi Bağırovun anadan olmasının 80-ci ili tamam olur.
“Qarabağ” futbol klubunun futbolçusu və keçmiş baş məşqçisi olan Allahverdi Bağırov erməni silahlılarına qarşı ilk özünümüdafiə dəstələrini yaradan və ona rəhbərlik edən şəxs kimi həm də Qarabağ müqavimətinin simvolu hesab olunurdu.
Mecra.az xəbər verir ki, Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprelin 22-si Ağdamda anadan olub. Kiçik yaşlarından idmana böyük həvəsi olduğundan müxtəlif idman növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub.
1988-ci ildə Qarabağda ilk erməni aksiyaları başlayanda azərbaycanlıların təşkilatlanmasında Eldar və Allahverdi Bağırov qardaşlarının böyük xidmətləri olub. Onlar Ağdamda ilk müdafiə dəstələrini yaradıb, rayon ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşublar. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancıb.
1992-ci ilin yanvarında A.Bağırovun taboru Naxçıvanik kəndində uğurlu hücum əməliyyatı keçirib. Onun komandanlığı altında 150 nəfər döyüşçü hücuma keçərək Əsgəran qalasına qədər irəliləyib, işğalçıların bütün canlı qüvvə və texnikasını məhv edib. Bu əməliyyat nəticəsində Pircamal kəndindəki bütün yüksəkliklər nəzarətə götürülüb, bundan sonra Bağırov “General Məhəmməd Əsədov” adına mükafata layiq görülüb.
.jpeg)
1992-ci il fevralın 26-sı Xocalı hadisəsi baş verəndə Allahverdi Bağırovun taboru Xocalıdan qaçan əhalini xilas etmək üçün Qaraqaya istiqamətində hücuma keçib. Bu hücum nəticəsində yüzlərlə insan xilas edilərək Ağdama gətirilib. Bağırovun Əsgəran batalyonunun komandiri, erməni polkovnik Vitali Balasanyanla danışıqlardan sonra üç gün ərzində 1003 Xocalı sakini əsirlikdən azad edilib. Bu danışıqlar nəticəsində 700 azərbaycanlının cəsədi geri alınıb.
Məhz Bağırovun Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olub. O, erməni əsirləri avtobusla gətirib sahiblərinə təhvil verib, qarşılığında alınan azərbaycanlı əsirləri və meyitləri Ağdama gətirib. Bağırovun bu fəaliyyəti “Fəryad” filmində də obrazlı şəkildə işıqlandırılıb. Belə ki, ermənilər əsirlərin əvəzində siqaret, benzin və digər şeylər tələb ediblər. Filmdə təkcə cinayətkarın adının öyrənilməsi üçün 20 “kanistr” benzinin istənməsi məhz Allahverdi Bağırova aid fakt hesab olunur.

1992-ci ilin iyunun 12-si təcili iş üçün Ağdama çağırılan Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşüb və o həlak olub. Əfsanəvi komandir Ağdamda da torpağa tapşırılıb.
Azərbaycan Pezidentinin Fərmanı ilə Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Sonradan Heydər Əliyevin Fərmanı ilə Allahverdi Bağırov “Qızıl Ulduz” medalı təltif olunub.
.jpg)
1993-cü ildə işğal edilmiş Ağdam rayonu 2020-ci ilin noyabrın 20-si işğaldan azad olunub. Elə həmin ay Milli Qəhrəmanın övladları 27 ildən sonra ilk dəfə atalarının məzarını ziyarət ediblər (Qafqazinfo).































