Qubadlının işğaldan azad edilməsi Azərbaycan hərb sənətinin uğurudur. Azərbaycanın Silahlı Qüvvələri 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi Qubadlını da düşmən tapdağından azad etdi. 2020-ci ilin 25 oktyabr tarixində Qubadlı şəhəri işğaldan azad edildi. Şəhərdə Azərbaycanın üçrəngli bayrağı əzəmətlə dalğalandı.
Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girib, buranı da düşməndən təmizləyib.
Azərbaycan Ordusu döyüş meydanında böyük rəşadət və şücaət nümayiş etdirdi. Beləliklə, cənab İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, Ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Qələbəmizi şərtləndirən əsas amillər oldu.
Bu Qələbə həqiqətlərə də yeni işıq saldı. Belə ki, ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni nümunələr yaratdı. Bir çox ölkələr bu gün ordumuzun döyüş təcrübəsi ilə yaxından maraqlanmağa başlayıblar. Bununla da Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 19 ildə İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı.
Vətən müharibəsi onu da təsdiq etdi ki, işğalçı dövlət Azərbaycanla hərb meydanında mübarizə aparmağa qadir deyil. İşğal siyasətinin qurbanı olan Ermənistan Ermənistanın məğlubedilməz ordusunun olması barədə deyilənlər tamamilə əfsanə imiş.
Hazırda Qubadlı ərazisində quruculuq, abadlıq işləri aparılır. İndi qarşıda duran ən şərəfli mühüm vəzifə, Vətən müharibəsində əldə edilmiş qələbəni qorumaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi bərpa etmək, qurub gülüstana çevirmək və insanların doğma yurda əbədi qayıdışını təmin etməkdir. Bundan sonra heç kim bizi öz torpağımızdan çıxara bilməz.
Etibar Sadıqov,
Cəlilabad Peşə Təhsili Mərkəzinin direktoru