Şabran Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında məhkəməyə verdiyi Uzunboyad kənd sakini, özəl toxumçuluq təsərrüfatının sahibi Vüsal Muradov barəsində çıxarılan bəraət hökmü ləğv olunub.
Mecra.az xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin bəraət qərarı ləğv edilib. Şabran RİH başçısının şikayəti təmin olunaraq Vüsal Muradov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsi ilə təqsirli bilinib və barəsində 1000 manat məbləğində cərimə cəzası kəsilib.
Xatırladaq ki, bir qədər əvvəl Xaçmaz Rayon Məhkəməsində hakim Samir Bayramovun sədrliyi ilə keçirilən prosesdə V.Muradovun əməlində cinayət tərkibinin olmadığı əsas gətirilərək haqqında bəraət hökmü çıxarılmışdı.
Qeyd edək ki, münaqişəyə səbəb Vüsal Muradovun ötən ilin iyun ayında mətbuata müraciət edərək icra başçısı Asif Hüseynovun onların təsərrüfatından 15 ton toxumluq arpa götürdüyünü, lakin dəyərini ödəmədiyini iddia etməsi olub. “7Times.az”