Qubadlı rayonu 1933-cü ildə yaradılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilmiş, 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. 800 kvadrat kilometr ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Şəhər Bərgüşad çayının hər iki sahilində yerləşir.
Rayon 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Nəticədə, minlərlə rayon sakini evlərindən didərgin düşmüş, onlarla tarixi-dini abidəmiz məhv olunmuşdur. İşğaldan əvvəl rayon əhalisi 94 kənd və bir şəhərdə məskunlaşmışdı. Əhali əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur.
Qubadlı rayonu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ildə işğaldan azad edilib. 2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaldıb.
Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Qubadlı rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunur.
Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedib, Azərbaycan şəhidlər verib. Birinci Qarabağ savaşında Qubadlının 10 nəfərə yaxın cəsur oğlu rəşadətli döyüş yolu keçmiş və Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşlər. Kazımağa Kərimov, Şükür Həmidov, Əliyar Əliyev kimi öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş igidin adını çəkmək olar.
Qoy Ermənistan dövləti və onun siyasi-hərbi rəhbərliyi düşünsün ki, ölkəsinin inkişafı üçün yeganə yol sülh yoludur, onların xilası yalnız qarşılıqlı əməkdaşlıq yolu ilə mümkündür. Mənasız qarşıdurma yolu Ermənistanı açıq-aşkar uçuruma aparır. Ermənilər anlamalıdırlar ki, həmin uçurumun bir addımlığındadırlar, bunu nə qədər tez dərk etsələr, bir o qədər də düşdükləri fəlakətli vəziyyətdən çıxış yolu tapa bilərlər. Azərbaycan Prezidenti cənab İlham Əliyev müxtəlif tribunalardan sülh və əməkdaşlıq yolunu dəfələrlə təklif edib. Əgər qarşı tərəf bu fikirləri qəbul etməyib yenə də mənasız iddialarla baş qatmağa çalışacaqlarsa, “dəmir yumruq” yerindədir.
Mahir Fətullayev, Cəlilabad rayon Dezinfeksiya İdarəsinin müdiri