Dünən səhər saatlarında metronun “Sahil” stansiyasının yaxınlığında yol polisi əməkdaşı şəhid Fərhad Babayevin bacısı Aysel Süleymanovanın idarə etdiyi “Subaru” markalı avtomobili saxlayıb.
Məcra.az xəbər verir ki, Qafqazinfo-ya açıqlama verən A.Süleymanova bildirib ki, 99 YP 432 dövlət qeydiyyat nişanlı xidməti avtomobillə hərəkət edən Vüqar adlı YPX əməkdaşı ona yaxınlaşaraq avtomobilin arxasına yapışdırılmış və şəhid qardaşı Fərhad Babayevə məxsus olan şəkli qoparmağı tələb edib.
Qadın etiraz etdikdə isə yol polisi əməkdaşı ölkə rəhbərliyi tərəfindən göstərişin verildiyini bildirərək özü vinil materialından hazırlanmış bayraq və fotoşəkli qoparmağa başlayıb: “Həmin əməkdaş Prezident tərəfindən rəngi solmuş bayraq və şəhid fotolarının yığışdırılmasının əmr edildiyini dedi. Mən isə bildirdim ki, belə bir göstəriş və ya əmrlə rastlaşmamışam, əgər həqiqətən belə qərar varsa, özüm həmin şəkli yığışdıraram. O isə qayıtdı ki, yox, mən o şəkli sökməliyəm. Mən ağlamağa başladım, o isə maşının arxasına keçərək Fərhadın şəklini cırmağa başladı. Maşından ağlaya-ağlaya düşüb dedim ki, daha dəyməyin, özüm təmizləyərəm. Bu zaman ratsiya ilə kimsə həmin polisdən soruşdu ki, nə məsələdir, qadın niyə ağlayır, onu maşına otuzdurun. O da dedi ki, şəhidin bacısıdır. Ratsiyadakı şəxs bildirdi ki, dəyməyin. Məni saxlayan yol polisi əməkdaşı isə qeyd etdi ki, şəkil iki ildir yapışdırılıb və quruyub”.
Aysel Süleymanova əlavə edib ki, hadisə nəticəsində sarsıntı keçirib və bunu özünə, ailəsinə və şəhid qardaşına qarşı hörmətsizlik kimi qəbul edir: “Həmin şəkli mən özüm də gəlib evdə sökə bilərdim. Evə gələndən sonra atam gözüyaşlı həmin şəklin yapışıb qalmış hissələrini maşından təmizlədi. Bu hadisə, nəinki mənə, ailəmizə, Fərhadı tanıyan bütün insanlara pis təsir edir”.
Şəhidin bacısı qeyd edib ki, baş vermiş hadisədən sonra həmin polis əməkdaşı əlaqə saxlayaraq ondan üzr istəyib: “Mən belə bir hadisənin baş verməsinə görə, belə bir hadisə ilə bağlı şikayətçi olmağıma görə utanıram. Bakıda hamı məni, maşınımı şəhid qardaşımın fotosuna görə tanıyır. O polis qardaşımın şəklini cırmaqla nə əldə etdi? Əvəzində mənə, atama, ailəmizə iki il əvvəl yaşadığımızın daha ağırını yaşatdı”.
Qeyd edək ki, şəhid Fərhad Məhərrəm oğlu Babayev 1992-ci ildə Bakıda anadan olub. O, 24 oktyabr 2020-ci il tarixdə Qubadlı istiqamətində şəhid olub. Özəl sektorda sürücü kimi fəaliyyət göstərən Fərhad Vətən Müharibəsi başlayanda – 28 sentyabr 2020 ci il tarixində SHXÇDX-ın Suraxanı bölməsi tərəfindən səfərbər edilməklə cəbhə bölgəsinə aparılıb. Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlama verib:
“Avtomobillərə öz nömrəsini, “qaziyəm” sözünü yazmaq, şəhidlərin şəkillərini vurmaq – bu kimi hallar yolverilməzdir. Heç kim bizi yanlış anlamasın, şəhidlərimiz bizim üçün dəyərlidirlər. Lakin dəfələrlə şəhid ailələri DYP ilə əlaqə saxlayıb müxtəlif avtomobil nömrələri verirlər ki, filankəs sürücü mənim şəhid olan qardaşımın, qohumumun şəklini maşınına vurub, həmin maşınla da xuliqanlıq edir, qayda pozur, məsuliyyətdən yayınır, bu kimi davranışlarla şəhidin ruhuna hörmətsizlik edir, xahiş edirəm, o avtomobili saxlayıb şəhidimizin fotosunu çıxarmasını tələb edin.
Eyni zamanda digər diqqət yayındıran fotolar, yazılar da yolverilməzdir. Bu cür formada avtomobili idarə etmək hərəkət iştirakçılarının diqqətini yayındırır, hətta bəzi hallarda reklam haqqında qanunvericiliyin tələblərini də pozur. Müxtəlif xarakterli yazılar, ifadələr isə ümumiyyətlə əxlaqi normalara, mədəni səviyyəyə, mənəvi dəyərlərlə sığmayan, ictimaiyyətin qınağına, kəskin ikrah hissinə, haqlı narazılığına səbəb olur.
Dövlət Yol Polisinin əsas vəzifəsi və qanuni səlahiyyət dairəsi hərəkətin təşkilini, təhlükəsizliyini qanun çərçivəsində təmin etməkdir. Bununla yanaşı, ictimai qaydanı qorumaq, bu prosesdə nizam-intizamın təmin edilməsi də tərəfimizdən həyata keçirilir”.