Erməni mətbuatı: “Paşinyan Arayikə qarşı bu yanaşma ilə Azərbaycan rəhbərliyini inandırmağa çalışır…”

Ermənistanın baş naziri Nikol Paşinyan dünən İrəvanda Təhlükəsizlik Şurasının genişləndirilmiş tərkibdə iclasını keçirib. Ermənstan KİV-lərinin məlumatına görə, iclasda Təhlükəsizlik Şurasının əsas üzvlərindən başqa, ölkə prezidenti, hökumət aparatının rəhbəri, “Mülki müqavilə” fraksiyasının sədri də iştirak edib.

Maraqlıdır ki, dünən Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan da rəsmi dairələrlə görüşmək üçün İrəvanda olub.

Modern.az xəbər verir ki, bəzi Ermənistan KİV-ləri İrəvanda olan Arayik Arutyunyanın Təhlükəsizlik Şurasının iclasına dəvət olunmamasına diqqət çəkiblər. Məsələ burasındadır ki, Arayik bundan əvvəl dəfələrlə Ermənistan Təhlükəsizlik Şurasının iclasına qatılıb.

Erməni mətbuatı Arayik Arutyunyanın Praqa görüşünün müzakirə olunduğu Təhlükəsizlik Şurasının iclasına niyə çağırılmadığı sualına cavab axtarır.

“Hraparak” qəzetin yazır ki, Paşinyan Arayikə qarşı bu yanaşma ilə Azərbaycan rəhbərliyini inandırmağa çalışır ki, Qarabağ mövzusu rəsmi İrəvan üçün artıq bağlıdır.

“İstisna deyil ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin Nikol Paşinyandan təkcə Qarabağa getməmək deyil, həm də “Artsax rəsmiləri”ni qəbul etməmək, birgə iclaslar keçirməmək barədə birbaşa tələbidir”,-deyə qəzet qeyd edir.
“Hraparak” öz mənbələrinə istinadən yazır ki, Paşinyan Qarabağdakı separatçı rejimi devirməyə, Arutyunyanı istefaya göndərməyə çalışır.

“Təsadüfi deyil ki, ötən gün Xankəndidə baş verən aksiyaların təşkilatçılarından biri də Ermənistan hakimiyyəti ilə əlaqələri olan Tiqran Petrosyan olub”, – qəzet bildirib.

PAGE TOP