Müasir Azərbaycan tarixinin böyük bir hissəsi, önəmli bir mərhələsi Ulu Öndər Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana 34 illik rəhbərlik dövrü Azərbaycan tarixinin ən mühüm inkişaf mərhələsi olmuşdur. Azərbaycanın buğunkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir.
Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad edərək ümummilli liderin ən böyük arzusunu yerinə yetirdi. Azərbaycan bu gün dünyanın ən sürətlə, hərtərəfli inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Bu gün ölkəmizdə davam edən genişmiqyaslı quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycan tarixinə xilaskar və qurucu lider kimi daxil olmuş Ulu Öndər xalqımızın taleyində, siyasi – ictimai və mədəni həyatında böyük xidmətlər göstərmişdir. Heydər Əliyev xalqını böyük məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim uca tutmuşdur. 1993–cü ilin keşməkeşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük Ulu Öndər Heydər Əliyev respublikamızda ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkənin parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu təmin etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikamızda tüğyan edən ictimai-siyasi böhran zamanı ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin, Azərbaycanın qurtuluşu kimi qeyd olunur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ölkə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər o zaman Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə bu strategiyanı həyata keçirdi. Bütün çətinliklərə, manelərə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Ümumilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, siyasi-iqtisadi böhrandan xilas oldu.
Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir.
Biz bu gün də buna inanırıq. Heydər Əliyevin xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaq və xalqımız müdrik rəhbərinin xatirəsini ehtiramla yad edəcəkdir.
Hafiz Kərimov,
Cəlilabad rayonu, Alar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə