Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan Heydər Əliyev epoxasının hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir. Onun hər bir səhifəsi, hər bir sətri ümummilli liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır. 1993-cu il oktyabrın 3-ü Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafında dönüş günü oldu. Azərbaycan xalqının tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Elə həmin gündən yeni şəraitə uyğun olaraq Ulu öndər cəmiyyətin demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir. Ulu öndərin rəhbərliyi altında respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji 90-cı illərin bariz əlamətinə çevrilmişdi.
Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə Respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirmişdir. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – sözlərini demiş ulu öndər 1993-cü ildən başlayaraq bu amallar uğrunda mübariz fəaliyyətini aparmışdır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu. Azərbaycanı bəşər sivilizasiyasının beşiyi olan ölkələrdən biri, xalqımızı isə zəngin və unikal bir mədəniyyətin övladları adlandıran dahi şəxsiyyətin ən böyük xidmətlərindən biri də məhz xalqımızın şərəfli tarixi keçmişini bərpa etməsi, milli-mənəvi irsimizin dəyərlərini, milli adət-ənənələrimizi yaşatması, Azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq, öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın reallaşmasına nail olmasıdır.
Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Ulu öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır. Kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər əldə edilmiş, sənayenin dinamik yüksəlişini təmin etmək üçün iqtisadiyyatda struktur islahatları həyata keçirilmiş, yeni sənaye sahələri yaradılmışdır.
Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.
Respublikamız Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi, xarici siyasətdə böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu fəaliyyət sayəsində bu nüfuz qorunub saxlanılır.
Elxan Xudaşlı,
Cəlilabad RİH-in əməkdaşı