Diplomatik münasibətlər tarixində elə əlaqələr var ki, onların möhkəmliyi zamanın sınağından keçir və müxtəlif dövrlərdə özünü təsdiqləyir. Azərbaycan ilə Vyetnam arasındakı münasibətlər onilliklər bundan əvvəl təməli qoyulmuş səmimi dostluğun bu gün strateji dialoq və qarşılıqlı faydalı əməkdaşlıq üçün necə mühüm rol oynadığının parlaq nümunəsidir. Bakı ilə Hanoy arasında müasir dialoq dərin tarixi köklərə söykənir. Hələ 1980-ci illərin əvvəllərində dövlətlərarası əlaqələrin intensiv inkişaf etdiyi dövrdə ən yüksək səviyyədə keçirilən görüşlər qarşılıqlı hörmət və dəstək ənənələrinin əsasını qoydu. Həmin dövrdə Azərbaycan mütəxəssislərinin Vyetnamın neft-qaz sənayesinin qurulmasında və inkişafında göstərdikləri fədakarlıq, həmçinin minlərlə vyetnamlı tələbənin Bakının ali məktəblərində biliklərə yiyələnməsi iki xalq arasında sarsılmaz mənəvi körpülər yaratdı. Bu tarixi təcrübə və səmimi insani münasibətlər sonrakı onilliklərdə də dövlətlərarası etimadın ən etibarlı dayaq nöqtəsi olaraq qaldı. Məhz bu möhkəm təməl üzərində qurulan əməkdaşlıq bu gün yeni geosiyasi reallıqlar şəraitində daha da dərinləşərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
Onilliklər sonra dinamik inkişaf edən müstəqil Azərbaycanın və Vyetnamın yeni geosiyasi və iqtisadi reallıqları fonunda bu tarixi estafet uğurla davam etdirildi. Zaman dəyişsə də, iki xalq arasındakı qarşılıqlı rəğbət və etimad mühiti nəinki sarsılmadı, əksinə, suveren dövlətlərin bərabərhüquqlu tərəfdaşlığı müstəvisində daha da möhkəmləndi. Prezident İlham Əliyevin ilk dəfə 2014-cü ilin may ayında baş tutan və müasir mərhələdə ikitərəfli dialoq üçün yüksək standartlar müəyyən edən Vyetnama dövlət səfəri Ümummilli Lider Heydər Əliyevin hələ 1983-cü ildə bəhs etdiyi həmin o “möhkəm təməl”in məntiqi inkişafı və müasir dövrün çağırışlarına uyğun addım idi. Bu səfər həm də keçmişin zəngin ənənələri ilə gələcəyə yönəlmiş praqmatik əməkdaşlıq strategiyası arasında etibarlı körpü rolunu oynadı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici ölkələrə səfərləri, bu zaman keçirdiyi görüşlər, beynəlxalq tədbirlərdə çıxışları, eləcə də dünyanın aparıcı televiziya kanallarına və media qurumlarına verdiyi müsahibələr beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Çünki dövlətimizin başçısı görüşlərdəki çıxışlarında və müsahibələrində dünyada baş verən hadisələrə, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına, ikili standartlar siyasətinə münasibətini açıq şəkildə ifadə edir. Eyni zamanda, Azərbaycan həqiqətləri, ölkəmizin sürətli inkişaf yolu, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə ətraflı məlumat verir. Müsahibələrində təmsil olunduğu ölkə ilə Azərbaycan arasında dostluq münasibətlərinin tarixindən, bu günədək davam edən əməkdaşlıqdan və onun perspektivlərindən də geniş bəhs edir. Dövlətimizin başçısının bu günlərdə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə də bu məsələlərə xüsusi diqqət yetirilib.
Dövlətimizin başçısı Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə bu tarixi məqamlara ətraflı toxunaraq iki ölkə arasındakı tarixi varisliyin və müasir əməkdaşlıq üfüqlərinin Azərbaycan ilə Vyetnam arasında əlaqələrin davamlı inkişafına öz ciddi töhfəsini verəcəyinə əminliyini ifadə etmişdir. Son illərdə yüksək səviyyəli təmasların intensivləşməsi, siyasi dialoqun genişlənməsi daha geniş əməkdaşlıq üçün əlverişli şərait formalaşdırıb. Azərbaycan ilə Vyetnam arasında münasibətlər qarşılıqlı hörmət, etimad və dostluq ənənələrinə əsaslanır.
Mehparə Mansırova,
Pirallahı rayonu, 243 nömrəli tam orta məktəbin direktoru