Cənubi Qafqazın geosiyasi əhəmiyyəti artır və Azərbaycan bu proseslərin mərkəzində yerləşən ölkələrdən biri kimi diqqət çəkir. Azərbaycanın Avropa üçün əhəmiyyəti artıq təkcə enerji resurslarının ixracı ilə məhdudlaşmır. Ölkəmiz nəqliyyat bağlantılarının inkişafında, enerji təchizatının şaxələndirilməsində və regional təhlükəsizlik məsələlərinin həllində mühüm mövqeyə malikdir. Bu baxımdan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Azərbaycanın Avropa məkanında əsas tərəfdaşlarından biri kimi xüsusi əhəmiyyət daşıyır. İki ölkə arasında uzun illər ərzində formalaşmış siyasi etimad, iqtisadi əlaqələr və enerji sahəsində əməkdaşlıq münasibətlərinin strateji xarakter almasına zəmin yaratmışdır.
İki ölkə arasında noyabrın 12-də imzalanmış Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərinin gələcək inkişafı üçün mühüm siyasi yol xəritəsi olmaqla yanaşı, iki ölkə arasında strateji əməkdaşlığın daha praktik və nəticəyönümlü mərhələyə keçməsi üçün əsas yaradır.
Bu gün dünyanın, xüsusən də Qərbin əksər ölkələri qlobal layihələrə və kommunikasiya siyasətinə ciddi maraq göstərir və etiraf edirlər ki, məhz Azərbaycanın iştirakı olmadan bunu reallaşdırmaq mümkün deyil.
Bəyannamə eyni zamanda regionda iqtisadi əlaqələrin inkişafı üçün də böyük imkanlar yaradır. Yəni, nəqliyyat əlaqələrinin inkişafına sadəcə Azərbaycan-Ermənistan prizmasından yox, bütövlükdə regionun iqtisadi və logistika imkanlarının inkişafı prizmasından baxmaq lazımdır. Məhz bu səbəbdən də Azərbaycanın son illərdə həyata keçirdiyi regional nəqliyyat strategiyasına baxmaq lazımdır. Burada söhbət Azərbaycanın illərdir üzərində işlədiyi qlobal kommunikasiya siyasətindən, yəni, Şərqlə Qərb arasında etibarlı bağlantı qurmaqdan, beynəlxalq ticarət marşrutlarını şaxələndirməkdən, regionun geoiqtisadi xəritəsini formalaşdırmaqdan gedir.
Dublin Bəyannaməsi bir daha təsdiq edir ki, Azərbaycan–Böyük Britaniya: Strateji dialoqdan çoxşaxəli tərəfdaşlığa doğru çox mühüm imkanlar yaranıb.
Simran Əlizadə,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi