Bu gün məşhur şairimiz Vaqif Bayatlı Odərin doğum günüdür. Məcra.az bu münasibətlə şairin bir neçə dillər əzbəri olan şeirlərini təqdim edir:
Səni sevmək istəyirəm
Dünyanın ən güclü adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
İstəmirəm bir kimsə
mənimlə qorxuda bir kimsəni.
Dünyanın ən varlı adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
Mənə ən böyük dünya varı
qapı,pəncərəsi açıq
üzü-gözü gülən bir alaçıq!
Mən səni, mən səni
Dünyada hamıdan çox
sevə də bilmərəm,
sevmək də istəmirəm,
çünki ancaq yalandan sevənlər
hamıdan çox sevirlər.
Mən səni sakitcə, yavaşca
sevmək istəyirəm.
Sevmək istəyirəm Tanrıdan yazılantək,
Bir balaca quş
Öz balaca yuvasının
küncünə qısılantək
Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!
Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?
Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!