Rusiyalı məşhur reper, “Uolki” (Walkie) ləqəbi ilə tanınan İvan Petunin 27 yaşında intihar edib.
Kult.az xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.
Bildirilir ki, onun meyiti Krasnodardakı Konqresnaya küçəsində, göydələnin yanında tapılıb.
Ölümündən əvvəl o, tamaşaçılarına son video-müraciət də edib və intiharının səbəbini açıqlayıb.
“Əgər siz bu videoya baxırsınızsa, demək, mən artıq həyatda deyiləm. Güclü ruhun varsa, demək, ürəyin var. Və öz ruhuma qətl günahını götürə bilmərəm və istəmirəm. Mən hansısa ideyaya görə öldürməyə hazır deyiləm. Mən müharibədə və yaxud haradasa insan öldürə bilmərəm. Mən əlimə avtomat ala bilmərəm. Bəli, mənim səfərbərlikdən möhlət hüququm var, ona görə ki, mən psixi xəstəxanada yatmışam. Ancaq mənə elə gəlir ki, hazırkı qismən səfərbərlik yaxın günlərdə tam səfərbərliyə çevriləcək. Mənim isə yerimək üçün iki ayağım və avtomatın tətiyini basmaq üçün əlim və barmaqlarım yerindədir. Mən tətiyi basmaq haqqına sahib deyiləm. Mən əlinə silah almağa və insan öldürməyə də hazır deyiləm.
Məni sevənlər, məni bağışlayın. Ancaq bəzən öz prinsiplərinə görə ölmək lazım gəlir”, – o deyib.
O, müharibənin bitməsi və insanların normal həyata dönməsini arzu etdiyini də vurğulayıb:
“Yaxşı xəbər isə budur ki, bu gün mənim yeni albomun işıq üzü görüb. Onu və mənim digər mahnılarımı dinləyin ki, mənim necə insan olduğumu biləsiniz”.