Zəfər tarixinə düşən hər gün Azərbaycan xalqının yaddaşında əbədiləşib və bu günlər unudulmazdır. 20 oktyabr da Zəngilanın işğaldan azad edildiyi gün kimi tarixə düşüb. Bu gün Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır.
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Hər il oktyabrın 20-də böyük qürur hissi ilə qeyd etdiyimiz Zəngilan şəhəri günü həm də dövlətimizin gücünü, xalqımızın birliyini və müzəffər Ordumuzun qəhrəmanlığını simvolizə edir. Bu tarix vətənpərvərlik ruhunu daha da gücləndirir, gənc nəsildə doğma torpağa sevgi və bağlılıq hissini möhkəmləndirir.
İşğalçılar Zəngilanın zəngin təbiətinə qarşı ekoloji terror törətmişdilər, rayon ərazisindəki aqrar sahələr tamamilə məhv edilmiş və ya vəhşicəsinə istismar edilmişdi.
İşğaldan əvvəl rayon əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olurdu. Ərazisindən axan çayların bol sulu olmasına görə sakinləri həm bir illik, həm də çoxillik bitkiləri əkə bilirdilər. Əsas məşğuliyyətin əkinçilik olduğu rayonda müxtəlif meyvələr, tərəvəzlər və əsasən də tütün və üzüm əkilirdi. Yayı isti, qışı mülayim olan rayonda otlaq sahələrinin geniş olmasına görə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvandarlıq inkişaf etdirilmişdi.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 30 oktyabrda “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. İnfrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilmişdir.
Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malikdir. Buradan Naxçıvana yol açılacaq. Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti nəticəsində Zəngilanın qaytarılması sözün əsil mənasında tarixi hadisədir.
Simran Əlizadə,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi