Azərbaycanın dilbər güşəsi, strateji cəhətdən vacib əhəmiyyətə malik Zəngilanın işğaldan azad olunması Qarabağ düyününün açılmasında həlledici rol oynadı.
Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayonda çöküntü suxurlarından başqa, vulkanik materiallar – yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar – tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir Araz, Oxçuçay, Həkəri və Bəsitçay.
Pezident İlham Əliyevin Sərəncamı ilə “Zəngilan Şəhəri Günü”nün elan edilməsi, yalnız rəsmi bir qeyd deyil, azadlığın, və dirçəlişin bir simvoludur, kimliyimizin, ənənələrimizin yenidən doğulması deməkdir. İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Zəngilan da genişmiqyaslı bərpa-quruculuq işlərinin məkanına çevrilib.
Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. İşğal dövründə Zəngilan şəhərindəki tarixi məsciddən tövlə kimi istifadə olunub. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılan məscid dağıdılıb, ilkin görkəmini 70 faizə qədər itirib. İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində bərpa-tikinti işlərinə başlanılmışdır. Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilib.
Zəngilanın işğaldan azad edilməsi ölkəmizin inkişafı üçün yeni perspektivlər vəd edir. Bu perspektivlər də öz növbəsində suverenliyimizin, müstəqilliyimizin, təhlükəsizliyimizin qorunmasını daha da gücləndirir, bunun üçün əsaslı zəmin yaradır. İnanırıq ki, tezliklə bütün Qarabağ torpağı abadlaşacaq və həyat yenidən öz axarına düşəcək. Bütün bu qələbələr Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin parlaq zəkası, uğurlu siyasəti, şəhid və qazilərimizin canı-qanı bahasına əldə olunmuşdur.
Nəsib İsgəndərov,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı