Prezident İlham Əliyevin və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı verdiyi bəyanat iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifənin açıldığını göstərib. Otuz ildən artıq davam edən diplomatik əlaqələrin möhkəm siyasi bazaya çevrilməsi və artıq bu bazanın iqtisadi, humanitar, nəqliyyat və digər istiqamətlərdə konkret əməkdaşlıq imkanları ilə tamamlanması diqqəti cəlb edən əsas məqamdır. Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəflərindən biri isə qarşılıqlı siyasi etimaddır. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birinə dəstək nümayiş etdirir, müxtəlif çoxtərəfli platformalarda əməkdaşlıq edir. Parlamentlərarası dostluq qruplarının yaradılması və hakim partiyalar arasında Anlaşma Memorandumunun imzalanması da siyasi münasibətlərin institusional əsaslarının möhkəmləndiyini göstərir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, mövcud ticarət dövriyyəsi iki ölkənin real potensialını əks etdirmir. Bu baxımdan Bakıda keçirilən Laos-Azərbaycan biznes-forumu biznes dairələrinin bir araya gətirilməsi, qarşılıqlı investisiya imkanlarının araşdırılması və yeni layihələrin müəyyənləşdirilməsi üçün mühüm platforma oldu. Həmçinin Azərbaycanın son illər xarici investisiyalar coğrafiyasını genişləndirməsi ölkənin iqtisadi imkanlarının artmasının mühüm göstəricisidir. Azərbaycanın sərmayə qoyduğu ölkələrdə yeni istehsal sahələrinin və iş yerlərinin yaradılması bu siyasətin yalnız iqtisadi deyil, həm də inkişafyönümlü xarakter daşıdığının nümayişidir. Laosun konkret investisiya layihələri təqdim etməsi isə Azərbaycan investorlarının bu ölkədə yeni imkanları qiymətləndirməsinə şərait yarada bilər.
Energetika, mədənçilik və kənd təsərrüfatı kimi sahələrin də müzakirə olunması əməkdaşlığın kifayət qədər geniş potensiala malik olduğunu göstərir. Burada əsas prinsip konkret layihələrə, qarşılıqlı faydaya və nəticəyönümlü yanaşmaya söykənir. Prezident İlham Əliyevin vurğuladığı kimi, imkanların mövcudluğu ilə yanaşı, qarşılıqlı siyasi iradənin olması da olduqca vacibdir.
Meyxoş Abdullah,
yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident mükafatçısı