Müasir beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklər, yeni iqtisadi imkanların formalaşması və qlobal təhlükəsizlik çağırışları dövlətlər arasında qarşılıqlı etimada, bərabərhüquqlu tərəfdaşlığa və ortaq maraqlara əsaslanan əlaqələrin inkişafını xüsusi aktuallıq kəsb edən məsələyə çevirir. Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, çoxşaxəli və praqmatik xarici siyasət nəticəsində beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini ardıcıl olaraq möhkəmləndirir. Milli maraqların qorunması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, qarşılıqlı faydalı əməkdaşlıq və beynəlxalq hüququn prinsiplərinə sadiqlik ölkəmizin xarici siyasətinin əsasını təşkil edir. Azərbaycanın müxtəlif regionların dövlətləri ilə siyasi dialoqu genişləndirməsi və iqtisadi tərəfdaşlıq imkanlarını şaxələndirməsi bu siyasətin mühüm nəticələrindəndir. Xüsusilə Asiya ölkələri ilə münasibətlərin inkişafı prioritet istiqamətlərdən birinə çevrilmişdir. Bu baxımdan, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi və diplomatik hadisədir.
Kamboca Krallığı Cənub-Şərqi Asiya yerləşən dövlətdir. Ölkələrimiz arasında diplomatik münasibətlər rəsmi olaraq 1994-cü il dekabrın 28-də qurulub. Bu addım iki ölkə arasında siyasi dialoqun əsasını qoyaraq, gələcəkdə iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün zəmin yaradıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müxtəlif region ölkələri ilə əlaqələrini genişləndirmək siyasətini davam etdirib və Kamboca ilə diplomatik münasibətlərin qurulması da bu prosesin bir hissəsi olub. Bu münasibətlər BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək və əməkdaşlıq imkanlarını artırmağa xidmət edir. Ölkələrimiz arasında əlaqələri gücləndirmək üçün böyük potensial mövcuddur. Bu gün siyasi münasibətlər yüksək səviyyədədir və bu amil müxtəlif sahələrdə tərəfdaşlıq üzrə geniş yol xəritəsini hazırlamaq imkanı verir. Baş nazirin səfəri çərçivəsində mübadilə edilən sənədlər də bunun göstəricisidir. Bütün bunlar Asiyanın, o cümlədən Cənub-Şərqi Asiyanın Azərbaycan üçün əhəmiyyət daşıdığını və xarici siyasətimizin prioritetlərindən biri olduğunu sübut edir.
Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda müəyyənləşdirilən prioritetlər Azərbaycan-Kamboca münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qarşılıqlı siyasi etimad, beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik, iqtisadi maraqların uzlaşdırılması və ortaq çağırışlara birgə yanaşma uzunmüddətli tərəfdaşlığın möhkəm əsasını təşkil edir. Bu əməkdaşlığın inkişafı hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, regionlararası əlaqələrin genişlənməsinə, beynəlxalq dialoqun güclənməsinə və sülhə əsaslanan münasibətlərin təşviqinə mühüm töhfə verəcəkdir.
Səadət İsmayılova,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı