Bu gün II Fəxri xiyabanda Vətən Müharibəsinin qəhrəman şəhidi kapitan Hüseynli Türkay Nizami oğlunun vəfatının altıncı ildönümü münasibətilə anım mərasimi keçirilib.
Mecra.az xəbər verir ki, anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, deputat Zaur Şükürov, Qaradağ Rayon Polis İdarəsinin rəisi Fizuli Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi Bəxtiyar Hümbətov, Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, həmçinin şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qonaqlar şəhidin məzarını ziyarət edərək, ailə üzvlərinə dərin hüznlə başsağlığı verib və səbr arzulayıblar. Ziyarət zamanı Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqdan bəhs olunub və qeyd edilib ki, bu gün azad olunmuş torpaqlarda müqəddəs üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
