Bu anlayış hər bir müstəqil dövlət üçün son dərəcə vacib, lakin əldə edilməsi və qorunması böyük siyasi iradə, dövlət gücü və milli birlik tələb edən fundamental dəyərdir.
Hərfi mənada suverenlik dövlətin xarici müdaxilə olmadan öz siyasi iradəsini müəyyənləşdirmək, ərazisində hakimiyyətini həyata keçirmək və müstəqil qərarlar qəbul etmək hüququdur. Başqa sözlə, suveren dövlət öz taleyinin əsas qərarverənidir. Onun ərazisində dövlət qanunları işləyir, dövlət institutları fəaliyyət göstərir və dövlət hakimiyyəti ölkənin bütün ərazisinə şamil olunur.
Azərbaycan uzun illər bu hüququn mühüm bir hissəsini faktiki olaraq həyata keçirə bilmirdi. Ölkənin əraziləri işğal altında idi, həmin ərazilərdə Azərbaycan dövlətinin Konstitusiyası və qanunları işləmirdi. Bu vəziyyət 2020-ci il Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün böyük ölçüdə bərpası ilə dəyişdi. Lakin proses bununla bitmədi. 2023-cü ilin sentyabrına qədər Qarabağda Azərbaycan dövlətinin tam konstitusion nəzarətinin bərpası qarşıda duran əsas məsələlərdən biri olaraq qalırdı.
Məhz buna görə 20 sentyabr 2023-cü il Azərbaycan tarixində sadəcə hərbi hadisənin başa çatdığı tarix deyil. Bu tarix dövlət suverenliyinin bütün ərazidə tam bərpa olunduğu tarixi mərhələdir. Azərbaycan Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamında da 20 sentyabr 2023-cü ildə ölkənin bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və dövlət suverenliyinin bərpa edildiyi rəsmən təsbit olunub.
Bəs bu nəticəyə necə gəlib çatdıq? Bu suala yalnız 19-20 sentyabr 2023-cü il hadisələri ilə cavab vermək mümkün deyil. Çünki həmin günün nəticəsi bir gecədə yaranmadı. Onun arxasında illərlə davam edən dövlət siyasəti, hərbi quruculuq, beynəlxalq müstəvidə aparılan məqsədyönlü diplomatik fəaliyyət, siyasi iradə və ən başlıcası, konkret məqsədə hesablanmış ardıcıl qərarlar dayanırdı. Bu yolun siyasi xəttində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iradəsi xüsusi yer tutur.
İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra çıxışlarında Azərbaycanın ərazi bütövlüyünün və işğal olunmuş torpaqların azad edilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu dəfələrlə bəyan edib. 2021-ci ilin əvvəlində 2020-ci il müharibəsinin nəticələrini qiymətləndirərkən də Prezident bildirmişdi ki, hakimiyyətə gəldiyi ilk illərdən torpaqların azad edilməsini prezidentlik fəaliyyətinin əsas missiyası hesab edib.
Bu çərçivədə Azərbaycan uzun illər danışıqlar prosesində iştirak etdi. Lakin danışıqlar nəticə vermədikdə dövlət siyasətinin digər istiqamətləri – iqtisadi gücün artırılması, ordunun modernləşdirilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və hərbi potensialın yüksəldilməsi – paralel şəkildə davam etdirildi. 2020-ci ilin sentyabrında hərbi əməliyyatların başlamasından sonra isə siyasi iradə konkret hərbi qərara çevrildi.
27 sentyabr 2020-ci ildə genişmiqyaslı hərbi əməliyyatlar başladı. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşanı azad etdi. 8 noyabrda Şuşanın azad olunması müharibənin gedişində həlledici mərhələ oldu. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. Bütün bunlar böyük hərbi uğurlar idi. Lakin burada da məqsəd yalnız hərbi qələbə ilə kifayətlənmək deyildi.
2020-ci ildən sonra qarşıda yeni mərhələ dayanırdı: Azərbaycanın öz ərazisində dövlət hakimiyyətinin tam bərpası.
2023-cü ilin sentyabrında baş verənlər də bu ardıcıllığın davamı oldu. Sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başlaması ilə proses yeni mərhələyə keçdi. Müdafiə Nazirliyinin məlumatına görə, tədbirlər 23 saat 43 dəqiqə davam etdi və sentyabrın 20-də başa çatdı. Bəli, 23 saat 43 dəqiqə. Bu rəqəm ilk baxışdan yalnız əməliyyatın müddətini göstərir. Lakin analitik baxımdan həmin müddətə yalnız saat ölçüsü kimi yanaşmaq düzgün olmazdı. Çünki 23 saat 43 dəqiqəlik nəticənin arxasında illərlə aparılmış hərbi hazırlıq dayanırdı.
Azərbaycan Ordusunun 2020-ci ildə nümayiş etdirdiyi döyüş qabiliyyəti artıq bu hazırlığın nəticəsini göstərmişdi. 44 günlük müharibədə Azərbaycan Ordusu gücləndirilmiş müdafiə xətlərini yararaq geniş ərazilərdə irəliləmiş, Şuşa kimi mürəkkəb relyefə malik strateji ərazini azad etmişdi. Prezident İlham Əliyev sonrakı çıxışlarında bu müharibəni XXI əsrin müharibəsi kimi xarakterizə edərək Azərbaycan Ordusunun əvvəlcədən hazırlıqlı olduğunu xüsusi vurğulamışdı.
2023-cü ilin sentyabr əməliyyatı isə başqa bir xüsusiyyəti ilə diqqət çəkirdi. Bu dəfə söhbət genişmiqyaslı müharibədən yox, konkret hərbi-siyasi məqsədə hesablanmış lokal əməliyyatdan gedirdi.
Qısa zaman ərzində müxtəlif istiqamətlərdə strateji əhəmiyyətli mövqelərin nəzarətə götürülməsi, dəqiq atəş zərbələrinin tətbiqi və qanunsuz silahlı birləşmələrin müqavimət imkanlarının aradan qaldırılması Azərbaycan Ordusunun planlaşdırma və icra imkanlarını nümayiş etdirdi. Müdafiə Nazirliyinin hərbi elmi nəşrində də 2023-cü il əməliyyatının uğurunda düzgün planlaşdırma, taktikanın düzgün seçilməsi və peşəkar hərbi fəaliyyətin roluna diqqət çəkilir.
Bu baxımdan 2023-cü ilin nəticəsini yalnız texniki üstünlüklə izah etmək də doğru olmaz. Müasir silah və texnologiya öz-özlüyündə qələbə yaratmır. Onu düzgün zamanda, düzgün istiqamətdə və düzgün taktika ilə tətbiq edə bilən peşəkar hərbi heyət lazımdır.
Azərbaycan Ordusunun əsas üstünlüklərindən biri də məhz burada üzə çıxdı.
2020-ci ildə əldə edilmiş döyüş təcrübəsi 2023-cü ildə daha mürəkkəb və spesifik hərbi tapşırığın icrasında özünü göstərdi. Əsgər və zabitlərin hazırlığı, komandanlıq-idarəetmə sistemi, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyəti və dəqiq atəş imkanları qısa müddətdə konkret nəticə yaratdı. Müdafiə Nazirliyinin məlumatlarında 2023-cü il əməliyyatı zamanı hərbçilərin mürəkkəb relyef şəraitində qəhrəmanlıq, cəsarət və peşəkarlıq nümayiş etdirdiyi qeyd olunur. Deməli, 23 saat 43 dəqiqə sadəcə əməliyyatın müddəti deyil. Bu, Azərbaycan Ordusunun illərlə formalaşdırılmış döyüş qabiliyyətinin konkret zaman kəsiyində nəticəyə çevrilməsinin göstəricisidir.
Lakin siyasi iradə və güclü ordu arasında daha bir həlledici bağ var: milli birlik.
2020-ci ilin Vətən müharibəsi bunu xüsusilə aydın göstərdi. Prezident İlham Əliyevin müharibə günlərində xalqa müraciətləri, döyüşlərin gedişi barədə məlumatlandırma siyasəti və cəmiyyətlə birbaşa kommunikasiya xalqın müharibə ətrafında səfərbərliyində mühüm rol oynadı. Bu birlik yalnız emosional dəstəkdən ibarət deyildi. Müharibə dövründə cəmiyyətin müxtəlif təbəqələrinin orduya mənəvi dəstəyi, səfərbərlik prosesində iştirak və dövlət siyasəti ətrafında konsolidasiya milli iradənin praktik ifadəsinə çevrildi.
Beləliklə, nəticəni üç ayrı qüvvənin paralel fəaliyyəti ilə izah etmək mümkün deyil. Burada dövlətin siyasi iradəsi, ordunun hərbi peşəkarlığı və xalqın milli birliyi bir-birini tamamlayan vahid mexanizm kimi çıxış etdi.
Siyasi qərar ordunun qarşısında konkret məqsəd qoydu. Ordu həmin məqsədi hərbi imkanlarla reallaşdırdı. Xalq isə bu prosesin arxasında dayanan milli iradəni formalaşdırdı və qorudu. Bu üç amilin bir araya gəlməsi 2020-ci ildə ərazi bütövlüyünün bərpasına, 2023-cü ildə isə dövlət suverenliyinin tam bərpasına gətirib çıxardı.
Bu gün Azərbaycan xəritəsinə baxarkən nəticə sadə görünür: ölkənin bütün ərazisində dövlət bayrağı dalğalanır, dövlət hakimiyyəti və Konstitusiya ölkənin bütün ərazisinə şamil olunur. Lakin bu sadə görünən mənzərənin arxasında 30 illik işğal, uzunmüddətli danışıqlar, illərlə aparılan ordu quruculuğu, 44 günlük Vətən müharibəsi, Şuşanın azad edilməsi və nəhayət, 19-20 sentyabr 2023-cü il hadisələri dayanır. Rəsmi olaraq da 20 sentyabr dövlət suverenliyinin bərpa edildiyi tarix kimi müəyyənləşdirilib. Ona görə suverenlik yalnız bir siyasi termin deyil. Azərbaycanın timsalında bu anlayış konkret tarixi prosesin nəticəsidir.
Bu prosesin siyasi tərəfində dönməz iradə və ardıcıl qərarlar, hərbi tərəfində peşəkar və döyüş qabiliyyətli Azərbaycan Ordusu, ictimai tərəfində isə dövlətə və orduya söykənən milli birlik dayanır.
Ən mühüm məqam isə budur ki, bu nəticə ayrı-ayrı hadisələrin təsadüfi üst-üstə düşməsi ilə yaranmadı. 2020-ci il qələbəsi 2023-cü ilin nəticəsinə aparan yolu açdı, 2023-cü il isə həmin yolun ən mühüm siyasi-hüquqi nəticəsini – dövlət suverenliyinin tam bərpasını təmin etdi.
Beləliklə, Azərbaycanın son illərdə keçdiyi yolun əsas xüsusiyyəti təkcə hərbi qələbə deyil. Əsas məsələ siyasi iradənin dövlət strategiyasına, dövlət strategiyasının hərbi hazırlığa, hərbi hazırlığın isə konkret nəticəyə çevrilməsi oldu.
Suverenliyin bərpasının əsl tarixi mənası da məhz bundadır.
Xəyalə Cavanşirli
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi