Xankəndi, Xocalı, Xocavənd, Ağdərə – azadlığın şəhərləri

XƏBƏR XƏTTİ
Bakı-Sumqayıt yolunda betonqarışdıran maşın aşdı – VİDEO22 sentyabrda bizi nə gözləyir? – Ulduz falıBakıda təmir edilən yol yenidən çökdü – VİDEOŞəhid atası vəfat etdi – FOTOAzərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilirİcra başçısı müavinini işdən çıxardı – DSK-ya sədr təyin edildiŞagirdlərin vahid forması təsdiqləndi – Bu geyimlərə icazə verilməyəcək“Şəki yaylası”nda faciəvi şəkildə ölən – Ucalın atasından təsirli sözlərBakı-Sumqayıt yolunda betonqarışdıran maşın aşdı – VİDEO22 sentyabrda bizi nə gözləyir? – Ulduz falıBakıda təmir edilən yol yenidən çökdü – VİDEOŞəhid atası vəfat etdi – FOTOAzərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilirİcra başçısı müavinini işdən çıxardı – DSK-ya sədr təyin edildiŞagirdlərin vahid forması təsdiqləndi – Bu geyimlərə icazə verilməyəcək“Şəki yaylası”nda faciəvi şəkildə ölən – Ucalın atasından təsirli sözlər

Bəzi tarixlər var ki, təqvimdəki adi bir gün olmaqdan çıxaraq xalqın yaddaşına həkk olunur. 20 sentyabr Azərbaycan üçün məhz belə tarixlərdəndir. 

Müstəqilliyimizin ilk illərindən etibarən 20 sentyabrın tariximizdə xüsusi yeri olub. 1994-cü ilin həmin günündə müstəqil Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət daşıyan “Əsrin müqaviləsi” imzalanmışdı. Bu saziş Azərbaycanın iqtisadi gücünün formalaşmasına, ölkəyə investisiyaların cəlb olunmasına, iqtisadiyyatın inkişafına və sonrakı illərdə dövlət quruculuğunun möhkəmlənməsinə mühüm imkanlar yaratdı. Lakin 20 sentyabrın mənası sonrakı illərdə daha da böyüdü. 2023-cü ilin sentyabrında bu tarix Azərbaycan xalqının yaddaşında başqa bir böyük hadisə ilə əbədiləşdi. Sentyabrın 19-da Azərbaycan Ordusunun başladığı lokal xarakterli antiterror tədbirləri cəmi 23 saat 43 dəqiqə sonra başa çatdı və bununla da Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Bu tarixi nəticədən sonra Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edildi. Bu qərar sadəcə təqvimə yeni tarix əlavə etmək deyildi. Bu, uzun illər həsrətini çəkdiyimiz şəhərlərin azadlığının dövlət səviyyəsində əbədiləşdirilməsi idi. Çünki uzun illər bu şəhərlərin adını yalnız xəritədə görürdük. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə Azərbaycan torpaqları idi, amma həmin şəhərlərdə Azərbaycan bayrağı dalğalanmır, dövlətimizin qanunları işləmirdi. 2023-cü ilin sentyabrında isə bütün bunlar dəyişdi.

Bu şəhərlərin hər birinin öz tarixi və öz ağrısı var. Amma onların arasında Xocalının yeri xüsusidir. 1992-ci ilin fevralında Xocalıda törədilən faciə xalqımızın yaddaşında ən ağır səhifələrdən biri kimi qaldı. 613 dinc sakinin qətlə yetirilməsi ilə nəticələnən Xocalı faciəsi illər boyu Azərbaycan xalqının ürəyində sağalmaz yara olaraq yaşadı. Məhz buna görə 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xocalıda Azərbaycan Dövlət Bayrağını ucaltması tarixi ədalətin bərpasını simvolizə edən bir an idi. Bu görüntünün mənəvi yükünü bir cümlə ilə ifadə etmək çətindir. Çünki Xocalıda ucalan bayraq təkcə bu şəhərin azadlığını göstərmirdi. O bayraq Xocalı faciəsində həyatını itirənlərin xatirəsinə, illərlə doğma şəhərinə həsrət qalan insanların arzularına və Azərbaycan xalqının tarixi yaddaşına verilmiş cavab idi.

Amma Zəfərin mənası bununla da bitmirdi. Azərbaycan öz torpaqlarını yalnız azad etmədi, onları yenidən qurmağa başladı. Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq layihələri həyata keçirilir, şəhərlər və kəndlər yenidən salınır, yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilir. Ən əsası isə illərlə doğma yurdlarından ayrı düşmüş insanlar öz evlərinə qayıdırlar.

Xocalıda Böyük Qayıdış artıq başlayıb, Xocavənddə keçmiş məcburi köçkünlərin qayıdışı həyata keçirilir. Xankəndi və Ağdərədə də yeni həyatın qurulması istiqamətində işlər davam edir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda baş verənlər bir daha göstərir ki, Azərbaycanın Zəfəri yalnız işğaldan azad edilmiş ərazilərdə bayrağın ucaldılması ilə məhdudlaşmır. Zəfərin davamı həmin torpaqlarda həyatın yenidən qurulmasıdır.

Bir vaxtlar qayıdış bizim üçün arzu idi. Bu gün isə qayıdış gerçəkdir. Bir vaxtlar bu şəhərlərin küçələrində Azərbaycan bayrağını görmək həsrət idi. Bu gün həmin bayraq Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və Qarabağın digər şəhər və kəndlərində dalğalanır.

1994-cü ildə 20 sentyabr müstəqil Azərbaycanın iqtisadi gücünün formalaşmasına mühüm təkan verən “Əsrin müqaviləsi” ilə tarixə düşdü. 2023-cü ildə isə bu tarix Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin azadlığı ilə yeni məna qazandı. Bu iki tarixi birləşdirən əsas məqam isə güclənən Azərbaycanın öz taleyini müəyyən etmək qüdrətinə sahib olmasıdır. 

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə deyərkən artıq yalnız işğalın ağrısını xatırlamırıq. Bu adlar azadlığın, qayıdışın və yenidən qurulan Qarabağın adlarına çevrilib.

Və Xocalıda ucalan üçrəngli bayraq…

 O bayraq yalnız bir şəhərin üzərində dalğalanmır. O, Qarabağ və Şərqi Zəngəzurda yenidən doğulan həyatın, tarixi ədalətin və Böyük Qayıdışın rəmzi kimi dalğalanır.

 

Həcər Ramazanova

Bakı şəhəri, Pirallahı rayonu 186 nömrəli tam orta ümumtəhsil məktəbinin 

Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt