“Bu hadisələrin hər biri ayrıca bir ailə faciəsidir”

“Avqust ayı ərzində baş verən ayrı-ayrı yol-nəqliyyat hadisələrinin nəticələri bir daha göstərir ki, yol hərəkəti qaydalarına etinasız münasibət insanın özünün və ən doğmalarının həyatı bahasına başa gələ bilər”.

Mecra.az xəbər verir ki, bunu Baş DYP İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev ötən ay baş verən yol-nəqliyyat hadisələrinə münasibət bildirərkən deyib.

Şöbə rəisinin sözlərinə görə, avqust ayı ərzində yol-hərəkəti qaydalarının pozulması nəticəsində baş verən qəzalarda bir sürücü həyat yoldaşının, digəri anasının, başqa bir sürücü isə 5 yaşlı oğlunun həyatını itirməsinə səbəb olub. Daha bir hadisədə xanım sürücünün iki azyaşlı övladı ağır xəsarətlər alıb.

“Bu hadisələrin hər biri ayrıca bir ailə faciəsidir. Eyni zamanda, sükan arxasında məsuliyyətsizliyin hansı ağır və geri dönüşü olmayan nəticələrə gətirib çıxara biləcəyini göstərən ciddi xəbərdarlıqdır.

Sürücü unutmamalıdır ki, avtomobildə onunla birlikdə olan ailə üzvlərinin, xüsusilə uşaqların təhlükəsizliyi ilk növbədə onun davranışından və qəbul etdiyi qərarlardan asılıdır. Sürət həddinin aşılması, riskli manevrlər, diqqətsizlik və digər qayda pozuntuları bir neçə saniyə ərzində bütöv bir ailənin həyatını faciəyə çevirə bilər.

Ən ağır məqam isə odur ki, belə hallarda yol verilən səhvin nəticəsini sonradan aradan qaldırmaq mümkün olmur. Öz səhlənkarlığı nəticəsində anasını, həyat yoldaşını və ya övladını itirməyin mənəvi ağırlığını heç bir cəza və heç bir peşmanlıq yüngülləşdirə bilməz.

Bir daha bütün sürücülərə müraciət edərək bildiririk ki sükan arxasında məsuliyyət yalnız qaydalara əməl etmək öhdəliyi deyil, həm də sizinlə eyni avtomobildə olan insanların həyatına görə daşıdığınız məsuliyyətdir”, – DYP rəsmisi qeyd edib.

👁 44 baxış